Danılmaz faktdır ki, hazırda kitab oxucularının sayı azalıb. Bundan başqa daha vacib problem ortaya çıxıb. Belə ki, kitaba marağı olan gənclərimiz yazıçıların əsərlərini kitablarda yox, internetdə oxumağı üstün tuturlar. “Bəs bu cür kitab oxumaq gənclərimizin psixologiyasına necə təsir edir?” kimi sual yaranır.

Bu sualı aydınlaşdırmaq üçün psixoloq Fərəh Quliyeva ilə əlaqə saxladıq. SİA-ya açıqlama verən Fərəh xanım gənclərimizə belə məsləhət verdi: “İnsan yazıçıların əsərlərini kitablardan oxuyanda həmin hekayəni obrazlaşdıra bilir. Sanki oxucu kitabda yazılan hekayəni gözləri önünə gətirərək özü üçün film çəkir. Ancaq gənclərimiz internet vasitəsilə ilə əsərləri oxuduqda elə bilirlər ki, vaxtlarından daha səmərəli istifadə edirlər. Hətta yaxınlarına da bu cür kitab oxumağı məsləhət görürlər. İnternetdən kitab oxumağı mən daha çox ictimai nəqliyyatda görürəm. Kimsə kitab oxuyarkən şahid olanda çox sevinirəm. Çünki gənclərimiz yaxşı olar ki, sevdikləri yazıçıların əsərlərini internetdən yox, kitablardan oxusunlar. İnternetdən kitab oxuyanda insan beyni yorulur. Hətta səhhətimizə də pis təsir edir. Belə ki, gözlərimiz ağrıyır. Bunun nəticəsində də bir kitabın yalnız çox az qismini yadımızda saxlaya bilirik. Odur ki, internetlə bağlılığımızı azaltmalıyıq. Gəlin, əsərləri internetdən yox, kitabdan oxuyaq və kənardakılara da nümunə olaq. Mobil telefon necə unudulmaz əşya olaraq insanların beyninə həkk olunubsa, kitablar da bizim üçün vaz keçilməz olsun”.