Hörmətli cənab Prezident!
Sizə qısa zamanda ikinci müraciətdir edirəm. Ən öndə və həllini gözləyən məsələlərin çözülməsi sizin sərəncam və qəqrarlarınıza bağlıdır.

Bu gün Azərbaycan insanını narahat edən məsələlərdən biri Tarif Şurasının 2016-cı il noyabrın 28-də qazın və elektrik enerjisinin qiymətlərinin artırmasıdır.
Həmin zaman qazın bir kubunun qiyməti 10 qəpikdən 20 qəpiyə qaldırıldı. Amma əhaliyə hər il 1700 kub qaz əvvəlki qiymətə verilir. Elektrikin isə bir kilovatının qiyməti 7 qəpikdən 11 qəpiyə qaldırıldı.

Ancaq bunda da əhaliyə əvvəlki qiymətlə hər ay 300 kilovat elektrik verilir. Nəzərə alsaq ki, heç də hər yer istiliklə təmin olunmur ,onda insanların vəziyyətini yaxşı anlayarsınız. Aldığı yüksək olmayan maaş və pensiyaları vətədaşlar həmin xərclərə ödəyirlər, hər bir imkana malik ölkəmizdə bu durumu acınacaqlı hal sayıram. Son zamanlar maaş və pensiyaların artırılması çox müsbət addım olsa da 130 manat pensiya alana 180 manat təyin olunsa da , axı 170 manat pensiya alan, indi minimum 175 manat pensiya alır. Hörmətli cənab Prezident , sizcə bu pula insan 1 ay yaşaya bilərmi ? İnanın, insanlar yanacağa qənaət etdiklərinə görə evlərində donurlar.
Nəhayət, Tarif Şurasının 2016-cı il noyabrın 28-də qəbul etdiyi qərarın ləğv edilməsini xahiş edirəm. İnsanlar neft-qaz ölkəsində nə qədər qazdan, işıqdan istifadə edəcəksə o məbləği ödəsinlər. Bu dəyişiklik olarsa nəqliyyatdandan istifadənin qiyməti aşağı salınmalıdır. Bir məqama diqqət etmək lazımdır, 5-6 il öncə vətəndaş işə və ya harasa gedəndə evinin yanından bircə marşruta minib həmin yerə yol qət edərdi. Amma nəqliyyatın qiyməti artmazdan əvvəl bu sahəyə rəhbərlik edənlər bir fənd işlətdilər, indi qeyd etdiyim kimi bir yerə 3-4 marşrut dəyişərək gedilir. Bu da bir gündə ən azı 2 manat 40 qəpik edir.
Hörmətli cənab Prezident , ötən müraciətimdəki bu məqamlara diqqət yetirməyinizi bir daha xahiş edirəm: Hələ də övladına şəhid adı verilməyən və məmurların laqeyidliyindən qəhrəmanlara küçə, məktəb və s. yerlərə adların verilməməsindən əziyyət çəkən , illərlə qapılar döydüklərindən taqətdən düşən ailələrin məsələsi həll olunmamış qalır. Türkiyədə evindən çıxıb hərbi forma geyinən və hansı şəraitdə həlak olmasından asılı olmayaraq həlak olanlar ŞƏHİD sayılır. Bilirsinizmi onlara şəhid, küçə adları verilmədiyindən vətənpərvərlik işimizə nə qədər mənfi təsir göstərir. Axı belə ailələrə laqeyidlik olursa gənclər necə vətəni canlarından çox sevərlər. Düşünərlər ki, biz şəhid olarıqsa ailələrimiz baxımsız qalar. Cənab Prezident, inanıram ki, bu həssas məsələlərdə də humanistliyinizi əsirgəməyəcəksiniz. Həmin şəhid ailələrinə də dəstək olacaqsınız.
Hörmətli cənab Prezident , ötən müraciətimdə xahiş etmişdim ki, ictimai sektor nümayəndələrini qəbul edəsiniz. Mən həmdə jurnalistəm. Bu gün Azərbaycanı ancaq birliyimiz xilas edə bildiyi halda, qara qvvələr Sizi aldatmaqla məşğuldular. İnanın, bu ölkəni sevən, hər dövrdə dövlətin yanında olan aydınlar var. Amma nə yazıq ki, Sizə ancaq 35-40 nəfər təqdim olunur.
Möhtərəm cənab Prezident , eyni adamlar və onların ətrafı vəzifələrə təyin olunurlar. Eyni adamları Sizin tədbirlərdə iştirak edirlər. Eyni adamlar himayə olunurlar. Doğrudanmı Azərbaycan ancaq bu insanlardan ibarətdir. Nəhayət, bizləridə tanıyın . İllərdir təmənnasız atanız, ulu öndər Heydər Əliyevin qoyduğu yolun təbliğatçısı olduq. Amma zamanında atanıza və Sizə güllə atamağa hazır olanlar indi Azərbaycanın hər şeyindən yararlanırlar.

Allah etməsin, vətənin başında qara buludlar olsa, o kəslər ölkəni tərk edəcəklər. Bu gün insanların hakimiyyətdən narazı qalmasında da onların əli var. Çünki zamanında onlar Sizə ” hər şey əladır” dedilər. Möhtərəm cənab Prezident , 2016-cı ildə Türkiyədə baş verən hadisələrdə bir məqamı qeyd etmişdim. Həmin yazımı qardaş ölkənin bir neçə saytı da verdi: ” Ərdoğan ulu öndər Heydər Əliyevin yolunu getdi, xalqı dəstəyə çağırdı” və daha bir fikir də səsləndirmişdim” Hakimiyyət Xalqla bir olarsa heç bir kənar qüvvə ona toxuna bilməz”. Bəli, məhz indi həmin məqamdır: Xalqın yanında olmaq , Xalqa güvənmək.
Möhtərəm cənab Prezident , Sizə etdiyim müraciətlərin həlli və görüşmək ümidi ilə əvvəlcədən minnətdarlığımı bildirirəm.

Hörmətlə,
Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı