Beynəlxalq Enerji Agentliyinin hesabatında çox vaxt ümumiləşdirilmiş və bu gün üçün nəzərdə tutulmuş trendlər nəzərə alınır.
Sosialxəbər.az xəbər verir ki, bunu Axar.az-a Beynəlxalq Enerji Agentliyinin “2019 neft hesabatı”nı şərh edən iqtisadçı Natiq Cəfərli deyib. Ekspert bildirib ki, əgər indiki trendlər və OPEK-in hasilatın azaldılması hesabına neft qiymətlərinin sabitləşdirilməsi və ya bahalaşdırılması siyasəti davam edərsə, OPEK ən azından bazar payını itirə bilər:

“Belə ki, ABŞ OPEK-in dünya bazarındakı payının bir hissəsini öz üzərinə götürə bilər. Çünki ABŞ-da hasilat çox kəskin artır. Hesabatda bir çox beynəlxalq münaqişələrin də hasilatın azalmasına təsiri öz əksini tapıb. Hesab edilir ki, İranla bağlı problem uzun müddət həll olunmayacaq. Yeri gəlmişkən, gələn il ABŞ-da növbəti prezident seçkiləridir və başqa bir namizədin qalib gəlməsi yenidən İranla münasibətlərin yaxşılaşmasına səbəb ola bilər. Hesabatda bu siyasi gəlişmələr nəzərə alınmayıb. Məsələn, İranın sanksiyalar altında olması, Liviya və Venesuelada vəziyyətin hələ də aydın olmaması nəzərə alaraq, sözügedən ölkələrdə hasilatın azalması planlaşdırılır. Ancaq bu trendlərin əksi ehtimalı da var. Məsələn, İranla bağlı vəziyyət həll olunsa, ölkədə hasilat kəskin artacaq, eynilə Venesuelada vəziyyət sabitləşsə, Karakas indikindən 4 dəfə artıq neft hasil edəcək. ABŞ-da isə ümumiyyətlə hasilatın artacağı heç kəsdə şübhə doğurmur. Çünki son 3 ildə təqribən gündəlik hasilat 3,4 milyon artaraq 12,1 milyon barrelə çatıb. Bu, kifayət qədər ciddi artımdır və yaxın 2-3 ildə gündəlik hasilat 15 milyon barrelə çatacaq. Yəni problemli ölkələrdə vəziyyət dəyişsə, o zaman hasilat kəskin artacaq”.

İqtisadçı hesabatda alternativ enerjinin getdikcə daha çox istifadə olunacağı və nefti əvəz edəcək komponentlərin meydana çıxması ilə bağlı məqama da diqqət çəkib:

“Bu da çox vacib elementlərdən biridir. Avropa Enerji Agentliyinin hesabatına əsasən artıq Şimali Avropa ölkələri istehlak etdikləri enerjinin yarıdan çoxunu alternativ mənbələrdən alırlar. Bu, Danimarkada 60 faizə çatıb. Açığı, bu birmənalı hesabat deyil. Əgər doğurdan da münaqişələr davam edərsə və gərginlik artarsa, hasilatın azalması və tələbatın isə artması ehtimalı böyükdür. Belə olan halda isə neft qiymətləri yüksələcək. Əks proseslər baş verərsə, 2020-ci ildən sonra neft qiymətləri kəskin ucuzlaşacaq”.

Qeyd edək ki, Beynəlxalq Enerji Agentliyinin “2019 neft hesabatı”nda qlobal neft tələbatının 2019-2024-cü illərdə gündəlik 7.1 milyon barrel artaraq 106.4 milyon barrelə çatacağı bildirilib.

Hesabatda həmçinin OPEK-in xam neft istehsalının 2024-cü ilə qədər gündəlik 380 min barrel azalacağı proqnozlaşdırılır.


Warning: A non-numeric value encountered in /home/sosialxe/public_html/wp-content/themes/Newsmag/Newsmag/includes/wp_booster/td_block.php on line 352