“İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi 01.05.2019-cu il tarixindən “Əhali arasında viruslu hepatitlər mövzusunda ictimai maarifləndirmə tədbirlərinin keçirilməsi” adlı layihəyə start verib.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunan layihə 4 ay müddətində Bakı şəhərində həyata keçiriləcək.

Bu barədə Sosialxəbər.az-a “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin sədri Ziba Nəbiyeva məlumat verib. Onun sözlərinə görə, layihənin əsas mahiyyəti təhlükəli yoluxucu xəstəliklər sırasında yer alan viruslu hepatitlərlə mübarizədə vətəndaş cəmiyyəti təşəbbüslərinin gücləndirilməsi və bu məqsədlə cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər arasında mövzuyla bağlı ictimai maarifləndirmə işlərinin aparılmasıdır.

Layihə çərçivəsində görüləcək işlər sırasında kişilər və qadınlar üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində, həmçinin yeniyetmələr üçün tərbiyə müəssisəsində maarifləndirmə tədbirlərinin keçirilməsi planlaşdırılır. Tədbirlərdə məhkumlar yoluxucu xəstəlik sayılan viruslu hepatitlər haqqında – onların simptomları, yoluxma yolları, xəstəlikdən qorunma qaydaları, profilaktik qabaqlayıcı tədbirlər və sair barədə geniş məlumatlar alacaqlar. Məlumatların dərin mənimsənilməsi və yadda qalımlı olması üçün müxtəlif görüntülərdən və sosial çarxlardan istifadə olunacaq. Sonda 1000 ədəd çap materialı (flayer) və 3 ədəd maarifləndirici divar lövhəsi cəzaçəkmə müəssisələrinə təqdim olunacaq.
Tədbirlər Ədliyyə Nazirliyinin Penitensiar xidməti və Tibb Baş idarəsinin nümayəndələri, həmçinin həkim mütəxəssislərin iştirakı ilə keçəcək.