Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində “Açıq qapı” formatında növbəti görüşü baş tutub.Bu dəfə açıq qapı “Ülfət Əlillərin Sosial Problemlərinə Yardım” İctimai Birliyinin nümayəndələri ilə keçirilib.

Sosialxəbər.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həssas qruplardan olan vətəndaşlara xüsusi qayğısından, həmin vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istqiamətində atılan mühüm addımlardan bəhs olunub. Şöbə müdiri Firdovsi Bədəlov dövlət başçısının imzaladığı Sərəncam və Fərmanlar nəticəsində cari ilin ötən dövründə minimum əmək haqqının, pensiyanın minimum məbləğinin, sosial müavinət və təqaüdlərin əhəmiyyətli dərəcədə artırıldığını vurğulayıb, qeyd olunan artımlar barədə ətraflı məlumat verib. Pensiya təyinatlarının elektron qaydada həyata keçirildiyi, bu cür proaktiv xidmətlərin sosial təminat sisteminin bütün sahələrini əhatə edəcəyi bildirilib. Əmək, məşğulluq, sosial təminat sahələrində innovativ yanaşmaların tətbiqi və şəffaflığın təminatı, vətəndaş məmnunluğuna nail olunması üçün aparılan islahatlar diqqətə çatdırılıb.

Qeyd olunan qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri ölkəmizdə sosial sahədə aparılan islahatlardan, əhalinin rifah halının yaxşılaşdırılması üçün atılan addımlardan razılıqla bəhs edərək, sosial müdafiə sahəsinə göstərilən xüsusi qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Görüşdə Sumqayıt şəhərində həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlərə dair fikir mübadiləsi aparılıb. QHT-lərin qaldırdıqları məsələlər də müzakirə olunub, bu məsələlərin həlli sahəsində qanunvericilik çərçivəsində müvafiq tədbirlərin görüləcəyi bildirilib.

Şöbə tərəfindən hər həftənin cümə günü “Açıq qapı” formatında vətəndaş cəmiyyətləri ilə belə görüşlər keçirilir.