Dünyanın bir sıra dövlətləri Rusiyaya qarşı ərazi iddiaları ilə çıxış edə bilər.

Bu sözləri Sosialxəbər.az Axar.az-a istinadən açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, Helsinkidə əldə olunmuş razılaşmanın əsas müddəası II Dünya müharibəsindən sonra müəyyən edilmiş sərhədlərin qorunması, müdaxilələrin olmamasıdır:

“1975-ci ildə Finlandiyanın paytaxtı Helsinkidə əldə edilmiş razılaşmada bildirilir ki, II Dünya müharibəsindən sonra formalaşmış sərhədlərin pozulması qadağandır. Bu sərhədlərin pozulması yeni dünya nizamına qarşı çıxmaqdır və bütün beynəlxalq ictimaiyyət bunun qarşısını almaq üçün güc və qüvvətini birləşdirməlidir. Çünki bundan əvvəlki müdaxilələrin nəticəsi II Dünya müharibəsinin başlamasına gətirib çıxarmışdı. Müharibədən sonra dövlətlər nüfuzlu beynəlxalq qurumlar yaradıb, orada birləşdilər ki, növbəti mərhələdə dövlətlərin sərhədlərinə müdaxilələr olmasın”.

Politoloq qeyd edib ki, Helsinki Yekun Aktında dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı əsas prinsipdir:

“Amma Rusiya Krımın anneksiyası ilə həm beynəlxalq qanunları, həm də yaradılmasında bilavasitə iştirak etdiyi razılaşmanın müddəalarını pozdu. Bu isə bumeranq effekti verə bilər”.

Qeyd edək ki, rusiyalı siyasətçi Konstantin Borovoy bildirib ki, Krımın anneksiyasından sonra SSRİ və ya Rusiyanın ərazisini işğal etdiyi istənilən dövlət ona qarşı ərazi iddiaları irəli sürə bilər. Onun sözlərinə görə, faktiki olaraq Rusiya Avropada sərhədlərin toxunulmazlığı (Helsinki razılaşması) barədə razılaşmanı qanunsuz saymağı təklif etmiş oldu.