Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il 1-ci qrant müsabiqəsi üzrə “BUTA” xüsusi qayğıya ehtiyacı olan uşaqlara və yeniyetmələrə dəstək İctimai Birliyinin “Xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələrə qarşı diskriminasiya münasibətlərinin dəyişilməsinə həsr olunan sosial çarxların hazırlanması” layihəsinə 01 may 2019-cu il tarixdən etibarən start verilmişdir.

Sosialxəbər.az xəbər verir ki, Layihənin məqsədi sosial çarxlar vasitəsilə xüsusi qayğıya ehtiyacı olan autizmli uşaqlara və yeniyetmələrə cəmiyyətin diqqətini artırmaqla onlara dəstəyin təşkil olunması və stiqma və diskriminasiya hallarına qarşı mübarizə aparmaqdır.

Layihənin hazırlıq mərhələsi üzrə icra planına uyğun olaraq artıq müəyyən işlər görülmüşdür. Layihə çərçivəsində çəkiləcək sosial çarxlarda publik şəxslər tərəfindən qeyd olunan məsələyə diqqət çəkəcək şüarlar səslənəcək və cəmiyyətin münasibətini əks etdirən səhnələr öz əksini tapacaqdır.
Layihənin icrası zamanı layihəyə autizmli uşaqların cəlb olunması nəzərdə tutulmuşdur.

Qeyd edək ki, layihə üzrə müqavilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni brendi olan SƏLİS – Sürətli Əlaqələndirmə və Layihələrin İdaretmə Sisteminin 2019-cu ildə tətbiq edilən ilk proqramı e-Növbə sistemi vasitəsilə imzalanmışdır.