Elinanın intiharı bir daha göstərdi ki, təhsil sistemimizdə valideyn-məktəb əlaqəsi çox zəifdir.

Sosialxəbər.az xəbər verir ki, Bu sözləri Axar.az-a Bakı şəhərinin 162 nömrəli tam orta məktəbinin şagirdi Elina Hacıyevanın intiharı fonunda mövcud problemin həll yolları barədə danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Musa Qasımlı deyib. Deputat bildirib ki, məktəb rəhbərliyi – direktor, direktor müavinləri, sinif rəhbərləri valideynlə, ailə ilə əlaqə saxlamalı, valideyn də öz növbəsində övladının məktəb həyatı ilə dərindən maraqlanmalı, məktəblə daimi ünsiyyətdə olmalıdır:

“Məktəb direktoru təhsil alan bütün şagirdlərin ailələrini, valideynlərini tanımaya bilər. Ancaq sinif rəhbərləri mütləq öz şagirdlərinin ailəsini tanımalıdır. Bu gün Azərbaycanda bir çoxumuzun xəyalına gəlməyən ən müasir məktəblər tikilib, avadanlıqlarla təchiz edilir. Həmin yaxşı binaların içərisində də yaxşı dərs keçilməli, dərslərin keyfiyyəti artırılmalıdır. Məktəb direktoru və direktor müavinləri öz səlahiyyətlərini dərk etməli və onları qaydasında yerinə yetirməlidirlər”.

Millət vəkili şəxsən Yardımlı və Masallı rayonlarında seçki dairəsinə daxil olan məktəblərə baş çəkdiyini, müəllim və şagirdlərlə görüşlər keçirdiyini deyib:
“Hesab edirəm ki, belə görüşlər faydalıdır. Məktəbi eyni zamanda, ictimaiyyət də özünün qayğısı ilə əhatə etməlidir. Məktəb və ictimaiyyət əlaqələri gücləndirilməlidir”.

Millət vəkili Elman Məmmədov hesab edir ki, məktəbdə ümumi kollektivin hər bir üzvü uşaqların təlim-tərbiyəsi, əhval-ruhiyyəsi və yaşantıları ilə çox ciddi məşğul olmalı və bunları diqqət mərkəzində saxlamalıdır:

“Çünki hazırkı gənc nəsillə bundan əvvəlki gənc nəslin dünya baxışı arasında çox ciddi fərqlər var. Bunun səbəbləri hamıya məlumdur. Müasir informasiya texnologiyaları, internet, televiziya, sosial şəbəkələr və zərərli informasiyalar yeniyetmə uşaqların psixologiyasına, həyata baxışına təsir edir. Ona görə də hesab edirəm ki, məktəblərdə peşəkar psixoloqlar fəaliyyət göstərməli, məktəb rəhbərliyi, müəllimlər və tərbiyəçilər uşaqlara qarşı çox həssas olmalıdırlar. Çünki kiçik bir boşluqda xoşagəlməz hadisələr baş verir. Bəzən baş verənləri ailədəki proseslərlə, mühitlə də əlaqələndirirlər. Ancaq bunların hamısı ilə məktəb mübarizə aparmalıdır. Bunun üçün də ilk növbədə gənc kadrlar, pedaqoji kollektiv hər bir fərdə xüsusi diqqətlə yanaşmalıdır”.

Deputat millət vəkillərinin məktəblərə nəzarətinin mövcud problemin həllində mühüm rol oynayacağını düşünür:

“Mən rayonlarda və Bakıda fəaliyyət göstərən məcburi köçkün məktəblərinə tez-tez dəvət alıram, müxtəlif tədbirlərdə iştirak edirəm. Hesab edirəm ki, təkcə millət vəkilləri deyil, mədəniyyət işçiləri, təhsil işçiləri, incəsənət və elm xadimləri, hətta məmurlar da vaxtaşırı məktəblərdə olmalı, baxış keçirməli, çıxışlar etməlidirlər. Bununla yanaşı, ictimai müzakirələrin keçirilməsi də vacibdir. Bunlar təbii ki, gənc nəslin təlim, təhsil və tərbiyəsində müsbət rol oynayacaq amillərdir”.