Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rayon (şəhər) Məşğulluq Mərkəzləri tərəfindən sahibkarların, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə dəyirmi masalar keçirilir.

Bu barədə Sosialxəbər.az-a Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Məqsəd yaxın günlərdə istifadəyə veriləcək “Məşğulluq” altsistemi barədə işəgötürənlər (MAS) üçün təqdimatların edilməsi, bu altsistem barədə onlara ətraflı məlumatların verilməsidir. Tədbirlərdə iştirakçılar “Məşğulluq” altsisteminin işsiz və işaxataranlarla yanaşı, işəgötürənlər üçün də əhəmiyyəti və üstünlükləri, altsistemdən istifadə prosedurları, yeni vakansiyaların altsistemdə yerləşdirilməsi qaydaları ilə bağlı məlumatlandırılır.

Həmçinin dövlət məşğulluq siyasətinin icrası, işsiz və işaxataranların məşğulluğunun təmin edilməsi, aktiv məşğulluq tədbirlərinin təşkili, qeyri-rəsmi məşğulluğun qarşısının alınması sahələrində işəgötürənlərlə birgə aparılan işlər və qarşıda duran vəzifələr müzakirə edilir.
Artıq ölkəmizin 25 rayon və şəhərində belə dəyirmi masalar keçirilib və digər bölgələrdə də təşkil olunacaq.