Mayın 18-19-da Orenburq şəhərində cüdo üzrə “Avropa Kuboku – 2019” yarışmasının növbəti mərhələsi keçirilib. 24 ölkədən 306 (193 oğlan, 113 qız) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan 13 idmançı ilə təmsil olunub.

Sosialxəbər.az xəbər derir ki, ölkəmizə yeganə medalı “Judo Club 2012”nin yetirməsi Murad Fətiyev (81 kq) qazandırıb. Mübarizəyə 1/16 finaldan başlayan cüdoçumuz ilk görüşdə erməni əsilli rusiyalı idmançı Karegin Şahlamcyana, növbəti mərhələdə isə Avstriyanı təmsil edən Saif-İslam İslamxanova qalib gəlib.

1/4 finalda daha bir rusiyalı cüdoçunu – Pavel Berlini mübarizədən kənarlaşdıran Murad yarımfinalda portuqaliyalı Migel Alvesı məğlub edərək finala yüksəlib. Finalda cüdoçumuzun rəqibi rusiyalı Turpal Tepkayev olub. Gərgin mübarizə şəraitində keçən qarşılaşmanı Murad “ipponla” yekunlayıb və qızıl medala layiq görülüb.

Azərbaycan komandası əldə etdiyi bir qızıl medalla turnirdə ümumi hesabda beşinci pillədə yer alıb.