“Serj Sarkisyanın Moskvaya səfəri çərçivəsində onun Putinlə apardığı danışıqlarda Ermənistana göndərilməli olan 200 milyon dollar dəyərindəki silahlar ətrafında yaranmış problem həllini tapmadı. Bununla yanaşı, sözügedən mövzu nəyinki erməni-rus, eləcə də Rusiyanın Qafqaz siyasətində həlledici xarakteristikasını bəlli etdi”. Bu barədə Ermənistanın birinci kanalının saytında (1in.am) verilən analitik yazıda vurğulanır.

“Məhz bu baxımdan Sarkisyanın Moskva səfəri maraq doğururdu. Ancaq diqqətçəkən məqamlar qeydə alınmadı”, – deyə erməni saytı xatırladır ki, Sarkisyanın Moskva səfərindən öncə sözügedən vəziyyət ölkənin müdafiə naziri Seyran Ohanyan tərəfindən şərh edilmişdi: “Ohanyan demişdi ki, danışıqlar ətrafında əldə olunan razılıq mövcuddur, hətta silahların göndərilməsinə başlanılıb. Lakin söhbətin hansı silahlardan getməsini, yaxud hansı növ silahların göndəriləcəyini nazir deməmişdi”.

Sayt qeyd edir ki, ümumiyyətlə, Ermənistan rəhbərliyi bu razılaşma ətrafında ictimaiyyətə indiyə kimi dəqiq cavab verməyib.

O cümlədən bildirilir ki, aprel müharibəsindən bir neçə gün sonra digər hakimiyyət rəsmisi – Ovik Abramyan Ermənistana səfər etmiş Rusiyanın baş nazir Dmitri Medvedevdən silahların göndərilməsi prosesinin sürətləndirilməsini istəyib. Ancaq qarşı tərəfdən heç bir cavab almayıb: “Bu da ondan xəbər verir ki, Ermənistan rəhbərliyinin silahların alınması istiqamətində əldə edilmiş razılaşma ilə bağlı öz vətənaşlarına nəticəli cavabı yoxdur. Verilən cavablardan isə görünən budur ki, ortada ciddi proses yoxdur və bu amil əslində ciddiliyin olmamasının göstəricisidir”.

Daha sonra qeyd edilir ki, Ermənistan rəhbərliyi hətta aprel müharibəsindən sonra silahların əldə edilə bilməməsini etiraf edərsə, yumşaq dillə deyilsə, uğursuz vəziyyətdə qalacaq: “Bu, Rusiya hakimiyyətinin Ermənistana münasibətində etinasız olduğunun göstəricisidir. Hətta Rusiya Ermənistanla ittifaq münasibətlərində bu ölkənin maraqlarını, təhlükəsizliyi müdafiə etmək fikrində deyil”.

Saytda bildirilir ki, əgər strateji partnyor əldə olunmuş razılaşma sənədinə əsasən müharibə vəziyyətində olan müttəfiqinin silah təchizatını reallaşdırmırsa, bununla o müttəfiqini savaşla təhdid edən tərəfə siyasi dəstəyini göstərmiş olur.

“Bundan əlavə, 200 milyon dollarlıq saziş imzalandıqdan sonra Azərbaycan dərhal etiraz etdi və bu silahların Azərbaycana qarşı işlədilməyəcəyi barədə qarantiya tələb irəli sürdü. Və Rusiya bu qarantiyanı istər RF XİN-nin mətbuat katibi Zaxarovanın, istərsə də RF-nın Ermənistandakı səfiri Volınkinin vasitəsilə verdi. Bildirildi ki, rus silahları “Artsaxa” getməyəcək”, – deyə yazan Ermənistanın birinci kanalının saytı qeyd edib ki, Azərbaycana göndərilən və dəyəri milyardlarla dollarla ölçülən silahlarla bağlı Rusiya nəninki heç bir qarantiya vermədi, hətta bu silahların Ermənistana qarşı işlədilməyəcəyi barədə bir kəlmə olsa belə, zəmanət verməkdən imtina etdi: “Və beləcə aprel müharibəsində Azərbaycanın erməni mövqelərinə hücumunu sakit şəkildə izlədi…”.

Yazının sonunda qeyd edilir ki, bununla 200 milyon dollarlıq razılaşma uzağı hərbi-texniki kimi anlaşıla bilər: “Bu, siyasi vəziyyətin, eləcə də regionda hərbi-siyasi və strategi vektorunun xarakteristikasıdır…”.