Doğrusu budur ki, Xalq şairi Zəlimxan Yaqubun şeirlərindən yazıma başlıq seçməyim təsadüfi deyil. Yaradanın ona bəxş etdiyi ilham, söz qüdrəti, qeyrət və comərdliklə aşıb-daşan, sazlı-sözlü sinədəftər dünyası qarşısında Masallıda keçirilmiş üç səmimi görüşümüzün təəssüratları, həmin vaxtlar görüşqabağı əsərlərinə bir daha təkrar səyahət etmək səhnələri gözlərim önündən hələ də çəkilməyib. Sevimli Xalq şairimizə olan rəğbətimlə ilahi qüdrətindən bəhrələnən, sonu tükənməyən poeziyasındakı müdriklik səltənətinə coşqun bağlılığımdan mənəvi borc kimi kiçik məqalə yazmaqda çox çətinlik çəkdim. Cəsarətim, səriştəm çatmırdı. Ona görə ki, Zəlimxan sənətinin ucalığına nəzər salmaq üçün gərək heç olmasa onun zirvəsinin girişində növbəyə durub, təpər tapıb, özünü hər cəhətdən hazırlayıb, başını qaldırıb, “Ya Allah!” deyib dərindən məsuliyyət hiss edərək, ehtiyatla sınaqdan keçmiş yaddaş səhifələrini vərəqləyərək, götür-qoy edərək, hafizəndə möhkəmcə cəmləşdirəsən.
Sevimli şairimizin son vaxtlar xəstə olmasından və dünyasını dəyişməsindən böyük təlaş keçirdim. Ruhu qarşısında borc kimi oxucu qiyafəsində 2010 – cu ildə çap olunmuş “Ömür yolu, nur yolu” kitabımdan xırda bir epizodu bu məqaləmə daxil edirəm:
“… Xalq şairi Zəlimxan Yaqubun Masallı oxucuları ilə üç görüşü olub. Hər üçünün təşkilatçısı olmaq şərəfi RİH başçısının humanitar məsələlər üzrə müavini kimi səlahiyyətlərim daxilində mənə qismət olub. 1993-cü ilin 17 dekabrında ilk dəfə onunla Zəlimxansevərlərin yaddaşından və qəlbindən indiyədək silinməyən sözlü-sazlı, şən və gümrah məclisinə yollananda rayon rəhbərinin vaxtı olmadığından (yalnız növbəti görüşdə bu baş tutdu. İkinci səfərdə oğlu və sazı ilə gəlmişdi) başçının birbaşa telefonla mənə cavabı duyğusal və həssas qəlbli şairimizi bir az narazı saldı, ovqatı xoşagələn görünmədi və açıq-aydın inciklik hiss olundu. Zəlimxan müəllim başını bulayaraq bildirdi ki, başçı bu tədbirdə iştirak etməməklə sonralar peşmançılıq çəkib təəssüflənəcək. Şübhəsiz mən qonağa üzürlü səbəbi izah etdim.
İndi həmin söhbətdən xeyli vaxt ötsə də qeyd edim ki, Allah vergisi ilə qismətinə və taleyinə xüsusi istedad və qabiliyyət verilmiş şairimizin həmin sözlərində necə də haqlı olduğunu zaman göstərdi.
Söhbətindən, özündən, sazından və kükrəyən poeziya çeşməsindən qaynaqlandığımız, bəhrələndiyimiz və ovqatımızı köklədiyimiz bu görüşlərdən hələ də doymamışıq. Bu ilin əvvəlindən ədəbiyyatımızın inkişafındakı xidmətlərinə görə təltif olunduğu yüksək dövlət ordeni alması və 60 yaşı münasibətilə masallıların səmimi təbrikini Zəlimxan müəllimə böyük hörmət və ehtiramla kitabım vasitəsilə məmnuniyyətlə çatdırmağı özümə borc sayıram”. Ə.Niftiyev. “Ömür yolu, nur yolu”. “Elm və təhsil”. Bakı – 2010, səh.38.
Nə yaxşı ki, onun barəsində bu istəkli sözlərimi hələ o vaxt, düz 16-17 il əvvəl deyib qələmə almışam. Belə ki, Almaniyanın Münxen şəhərindəki kordiologiya klinikasında xəstə yatarkən yazdığı “Bilirəm, doğum günüm yanvar ayına düşdü, bilmirəm ölüm günüm hansı aya düşəcək” sətirlərə münasibət bildirməkdə ürək sözlərimi tapa bilməzdim. Taleyin hökmünə bax ki, ədibin bu son sualı elə yanvar ayında dünyaya əbədi əlvida ilə cavablandı. Yanvarda doğulub, yanvarda da dünyasını dəyişdi. Xalq şairimiz yazdığı kimi tək onu bilir ki, “palıd kimi yıxılacaq, cismi getsə də ruhu qalacaq”. Bəli,
belədir, çünki Zəlimxan Yaqub dahi ədiblərimizlə, xüsusilə də Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Məmmədhüseyn Şəhriyar və başqa poeziya öncüllərimizlə bir sırada durur. Ruhun qarşısında baş əyirik, ölməz ustad sənətkar!
Açığını deyim ki, hər dəfə kitablar, hər hansı məqalə və publisist yazılar üzərində işləyərkən məğz və mövzu tələblərinə uyğun olaraq dünya mütəfəkkirlərinin aforizmlərini, atalar sözlərini, müdrik kəlamları vərəqləyib bəzi lazımi seçimlərimi edirəm.
Bilmirdim bu yazım hansı fəsilə təsadüf edəcək. Ancaq mənə yaxşı bəllidir ki, Zəlimxan ilin bütün fəsillərini sevirdi. Qızmar isti, çovğun və s. şəraitlərdə belə o, oxucularına təravətli baharı bəxş edirdi. Bu səbəbdən Zəlimxan Yaqubun yazdığı əsərlərində, çıxışlarında bədahətən dediyi əksər kəlmə, bayatı, fikirlər bütün dövrlər, fəsillər, məclislər üçün örnək və nümunədir. Bunlar mənə kifayət edir.
Bu düha sahibinin qələmindən çıxan “Pedaqogika” nəşriyyatı tərəfindən 2009-cu ildə nəşr edilmiş “Peyğəmbər” poemasını həyacansız oxumaq olmur. Əsərdə müəllif dönə-dönə hər bir oxucuya çatdırır ki, arzulara, niyyətə, nəticə və uğurlara çatmaq üçün “Allah-təala istəsə qismət yazar, mümkün olar”.
Məhəmməd (s) Peyğəmbərə, Mövlanəyə, Atatürkə, Heydər Əliyev kimi dahi şəxsiyyətlərə qiymət verib, onları dərk edib barələrində yazmaq hər sənətkara qismət olmur. Zəlimxan bunu bacardı. O, geniş təfəkkürlü insan və dünyanın hər üzünü görmüş, ulu babalardan, folklorumuzdan, dastan və epos qəhrəmanlarımızdan mübarizlik və qeyrət nümunəsindən mənəvi qida almış və bəhrələnmiş, Vətənin, torpağının, sənətinin vurğunu və carçısı, söz dünyasını ərşə qaldırmağı bacaran, hər an yaradanına imdad və qüvvət üçün üz tutan Zəlimxan Yaqub müdrik Mövlanə şəxsiyyətini xatırlaya-xatırlaya yazır:
-“Mən öz dastanımı yazıb gəlmişəm” (Elm və təhsil”, 2009). Amma bununla hər şey bitmir, qurtarmır. Həyat dastanı davam edir. Yəni şair həyat və eşq dastanını yazıb, kəfənini geyib, ölümündən qorxmayıb, son səfərə də hazırdır. Necə ki, böyük Mövlanə haqq aşiqi kimi deyirdi:
“…Allah üçün yaxşılıq etməyi, əldən tutmağı, xeyir işlər görməyi özünə həyat amalı seçmiş birisinin ölümü toy-bayram olar. …Dünən Konyada “Şəbi-Ərus” (Toy gecəsi) vardı. Ağlamırdılar, sızlamırdılar, ölümə sevinirdilər. Çünki ölüm anı ayrılıq deyil, qovuşmaq olduğuna inanırdılar sevinənlər”.
Zəlimxan Yaqub 1997-ci ildə “Azərbaycan” nəşriyyatı tərəfindən buraxılmış “Bir əli torpaqda, bir əli haqda” kitabında bu məqamla bağlı “Mövlanə türbəsində” şeirində göstərir:
Haqq yolunda əriyən, yana-yana şam olan,
Etiqadı yenilməz əqidəsi tam olan.
Sözü Allah kəlamı, bayrağı islam olan,
Tanrıya heyran yatır Mövlanə türbəsində.
İnamı, qəlbi, əqidəsi ilə tanrıya daim üz tutan şairimiz dövlət rəsmiləri ilə müqəddəs ziyarətlərdən sonra Allahın ona verdiyi şairlik vergi payını daha geniş şəkildə bədii yaradıcılığında, oxucuları ilə, deputat kimi seçiciləri ilə görüşlərində ürəkdən bölüşürdü. Rayonumuzda olarkən rəsmi məclislərdən və təmaslardan sonra da söhbətlərimizdə, görüşlərimizdə mən bunu aydın hiss edirdim. Bu münasibətlə həmsöhbətimə çatdırırdım ki, atam da uşaqlığından “Quran” əhli olub, ağır, əlacsız xəstəliyi anlarında da canamazı son gününədək kətil üzərinə qoyub heç vaxt namazını buraxmazdı. Həyatımda başıma gətirilən haqsızlıqlarda, baş verən çətin məqamlarda üzümə, ardımca nəsə üfürər, “Quran”ın altından keçirərdi. Əqidəmə görə zənn edirəm bunlar mənə həlledici anlarda köməklik və aman olub.
Həyatın bütün sınaqlarında, dolanbaclarında Zəlimxan Yaqubun həyat eşqinin gücündə, ədəbi zirvə fəth etmək yolunda yeni uğurlara inamı onun cəngavər ruhundan, poeziyanın qüdrətinə, şairlik kimi müqəddəs missiyaya sədaqətindən, sönməz və tükənməz enerjisindən irəli gəlirdi.
O, 1965-ci ildə “Şərq-qərb” nəşriyyatı tərəfindən çapdan çıxmış “Mənə ümid kimi bax” kitabında yazırdı:
 
Mənimki söz qəsri, söz qalasıdır,
Söz Babək qalası, Bərz qalasıdır.
Qalsa Zəlimxandan söz qalasıdı,
Yatanda kəfənin, bezin içində.
Dörd ildən sonra nəşr etdirdiyi digər kitabında yuxarıda göstərdiyi ülvi amallara xidmət mövqeyini daha qabarıq şəkildə ortaya qoyaraq şairimiz poeziya dünyasına sərt baxış nümayiş etdirməklə çağırış edib:
Yazıqlaşıb qorxa-qorxa dinirsə,
Bircə əsim sərt küləkdən sönürsə,
Zirvəsindən bircə barmaq enirsə,
Kül başına, kül başına şairin.
Bax, beləcə Zəlimxan məktəbinin müdavimlərinə, oxuculara, onun yaradıcılığına müraciət edən hər kəsə onun tələbi, tövsiyəsi, məsləhəti budur!
Ədibin rəngarəng yaradıcılığı, palitrası, poeziyası bizlərə Allahın istəyi ilə halal qismətimiz və tər-qanla qazandığımız zəhmət və əməyimiz, əql və zəkamız hesabına hamını xoşbəxt və firavan yaşamağa səsləyir. Təkcə bunumu çatdırır sevimli şairimiz?
Zəlimxan müəllim ölməzliyi ilə bizə rahat ölməyi də öyrədir. Şair demək istəyir ki, nə qədər yüksəkliklərə qalxırsansa yaradana baxa-baxa onunla tezliklə qovuşmağa can atırsan. Əməllərinə hesabat verməkdən ötrü. Sənə bəxş olunmuş bütün əmanətləri geri qaytardıqdan sonra halallaşmaq üçün. “Tale insan oğlunu hər gün sıxasıxdadı, Həzrəti İsa kimi hərə bir çarmıxdadı”,- deyir və əlavə edir ki, var-dövlət, sərvət, mülk, vəzifələr, dəbdəbəli əyləncələr, bahalı, izdihamlı qəbirüstü daşlar hamısı aldadıcıdır. “Əbədi qalan deyil nə saraylar, nə damlar. Hərdənbir yerə baxın, göynən gedən adamlar”, – eyham edərək bu fani dünyanın qayda-qanununu bir daha oxucuya, hər bir kəsə çatdırır.
Zəlimxan yaradıcılığında Azərbaycanımızın şöhrət qalası olan Şuşanın, Qarabağın, digər yaşayış məntəqələrinin düşmən işğalı altında olması dərdi, sıxıntısı və tezliklə qələbənin əldə olunması xəbərini eşitmək intizarı böyük yer tutur. Bu ağrı, kədər həm də onun sızlayan, şikayətlənən sazından, əzab çəkən kövrək qəlbindən, Azərbaycana, millətinə, böyük sevgisindən doğur. Şair nərə çəkərək amiranə, coşqun, təlatümlü səsi ilə qələbəyə böyük inamla hay qoparır: Qələbə! Qələbə! Ancaq Qələbə!
Daha sonra oxuyuruq:
Görən Qarabağın qayıtmağını
Mən öz gözlərimlə görəcəyəmmi?
Şuşa qalasına bir qalib kimi,
Hayqıra- hayqıra girəcəyəmmi?
 
Görəsən muştuluq gətirənlərə,
Ömrümü pay kimi böləcəyəmmi?
Yoxsa bu ağrıyla dünyadan köçüb,
Elə bu dərdlə də öləcəyəmmi?
Zəlimxan müəllim dünyadan, yaradıcılıqdan, Allaha sevgisindən, millətinə, ailəsinə, dostlarına məhəbbətdən və xidmətdən doymamışdı. Ona görə də həyatın, ömrün qədrini bilmək, haqq yolunda sınaqlara qarşı dözümlülük göstərmək, insanlara rəğbət bəsləməklə onlara həmdərd, yol yoldaşı olmaq kimi fikirlər hər vaxt onu düşündürürdü:
Vur-tut bu dünyada bir ömrümüz var,
O da küləklərlə sovrulub gedir.
Qışın şaxtasında üstə yağır qar,
Yayın alovunda qovrulub gedir.
Həyatın dəyişikənliyini, təzadlarını dərindən təhlil edib ona qiymət verməyi bacaran, dünyanın faniliyini və əbədiyyətə qovuşmağın labüdlüyünü qorxmadan dəyərləndirən tanınmış yazarımız bu yolda da “yaşamaq gözəldir” kəlamına qüvvət və üstünlük verib öz məsləhətini oxucularından əsirgəmir:
Düz halalda, doğru haqda gözəldi
Dünya ruhla, kef-damaqla gözəldi.
Həyat ancaq yaşamaqla gözəldi,
Bir dirini əvəz etməz min ölü.
O, digər tərəfdən dönə-dönə həyat-ölüm kimi əks mənalı təbii halları ayrı-ayrılıqda həm müsbət tonda, həm də kədərli notlarda xırdalayıb hərəsinin yerini göstərir:
Qaçma hər uğursuz saat dalınca,
Minnətçi göndərmə qanad dalınca.
Ey insan, yüyürmə manat dalınca,
Bu dünya bir qara qəpiyə dəyməz, – deyə belə işlərlə zarafat etməməyi, hər şeyin vaxtında dəyərini qiymətləndirməyi məsləhət görür.
Elə başqa bir şeirində həyatdakı olayları ciddi baxış və addımla götür-qoy etməyi, ömürlə ehtiyatlı davranmaq barədə biz insanları xəbərdar edir:
Zarafat eləsən şahın mat olar,
Zarafat gəlməsin sənə bu dünya.
Dünyanın dərdini özünə dərd edən, millətin soyqırımlarını, Qarabağ həsrətini daim gözü önünə gətirib belə bəlaları sətirlərə köçürən şair ölümə də bac vermirdi.
“Donur heyrətimdən damarımda qan”,- pıçıldayırdı. “Hər gün Əzrayıla can verirəm mən”, – deyə qəlbimizdə yaşayan böyük sərvət sayılan şeir külliyyatının xəzinədarı sözü özünə qılınc və qalxan, etibarlı müdafiə vasitəsi, ən kəsərli silah kimi qəbul edərək bir az əvvəldə göstərdiyim kimi yazırdı: – “Mənimki söz qəsri, söz qalasıdır.” (“Mənə ümid kimi bax…” “Şərq-qərb” nəşriyyatı, 2014).
Dünya ədəbiyyatı nümayəndələrindən Horasi, Derjavin və Puşkinin, guman ki, elə başqalarının yaradıcılığında da abidə başlığı altında gedən şeirlər az deyil. Bu sətirlərdə sənət yolunda görkəmli uğurlar, xidmətlər təsvir olunub. Əlçatmaz, yüksək abidələr qurulması vurğulanıb. Mən mövzu aktuallığı, Vətən sevgisi, insanlara, təbiətə vurğunluq,
həqiqət naminə yeri-göyü az qala titrədən və bunun üçün zəfər yürüşü çağırışı edən ustad Zəlimxan barədə deyə bilərəm ki, o da özünə milli kaloritli və mərmərdən parlayıb hər yana şəfəq saçan əlçatmaz bir abidə ucaldıb. Bax, qadirlik, Allah, Vətən və insanlar qarşısında borcu və xidməti belə yerinə yetirəsən gərək!
Azərbaycan ədəbiyyatına əvəzolunmaz töhvə vermiş şair qəddar ölümlə çarpışarkən ona təslim olmayaraq, şeir qalxanını şükranlıqla əlvida deməyə qarşı tutaraq yazmışdı:
Özüm üçün yaşamadım çox şükür,
Yaşamışam dünyanın yaşı qədər.
Poeziyasındakı müdriklik, uzaqgörənlik, halal və düz yaşamağa sonsuz məhəbbəti olan ədibimizə Allah–təala dərin düşüncə, sözü həmsöhbətinə, auditoriyaya bədahətən çatdırmaq səriştəsi, yorulmazlıq, nadir yaddaş, hər şeyin yaxşısını və müəyyən xoş qismətini vermişdi. Bu üzdən ilham, qeyrət, qüvvət, şücaət şairə yuxarıdan gəlirdi. Ağır və ümidsizlik içində həyatla vidalaşanda da bəzi nadanlara, pul, sərvət, mal-mülk dalınca qaçan hərislərin, xəyanətkar və xəbislərin, özündən razıları və başqalarını aşağılayanların dik üzünə cəsarətlə deyirdi: “Qoy hərdənbir yerə baxsın göynən gedən adamlar.”
Şair xəstəliyinin şiddətləndiyi, dərman və müalicənin təsir gücünün tükəndiyi bir vaxtda belə qəlbinin hökmü və eləcə də coşqun və sərrast sətirləri ilə daim mübarizəyə səsləyən gur çağırışı vasitəsilə yazdığı külliyyatını gözləri qarşısına gətirir, əbədi yükü necə ləyaqətlə, şərəflə daşıdığına və sükanı yerə qoymaq istəmədiyinə işarə edərək göstərirdi:
Dən gətir, dənimi, xırmanımı ver,
Dərd kimə gərəkdir, dərmanımı ver.
Yüz il yaşamağa fərmanımı ver,
Qoyma bu yaşında Zəlimxan ölsün!
Mübarək qələminlə yazdığın “Mən sənin qəlbinə necə yol tapım, vur –tut bu dünyada bir ömrümüz var” şeirində işlətdiyin sətirləri özümə bu yazımdan pay götürdüm.
Əziz şairimiz, sən ölməyibsən! Daim qəlbimizdə yaşayacaqsan! “Ey yazıları şan bağlayan, bayatısı zəmi, dərzini Zəlimxan bağlamış şair dostumuz!
Yazımın əvvəlində heç vaxt unutmayacağımız şair-filosof Zəlimxan Yaqubun ruhu qarşısında baş əyərək onu ehtiramla xatırlamaq və təəssüratlarımı bölüşdürmək məramını bildirdim. Onun necə zəngin, çoxcəhətli, mənalı və təkrarolunmaz həyat yoluna və yaradıcılığındakı əlçatmaz ucalığa qədəm qoymağımdan öncə ehtiyatla, məsuliyyətlə girişdə necə dayanmışdımsa, bu ənginliyə, mənəvi sərvətimiz olan Zəlimxan poeziyasına sonadək baş vurmaq, dərindən təhlil vermək cəsarətini isə gələcəkdə sevimli xalq şairimizin fəaliyyətinin tədqiqatçılarının, naşirlərin, yazarların, ziyalılarımızın, belə ağır, lakin şərəfli məsuliyyəti yerinə yetirəcək insanların çiyninə düşəcəyinin gözləntisindəyəm.
Ələşrəf NİFTİYEV,
III dərəcəli “Vətənə xidmətə görə” ordenli dövlət qulluğu veteranı, AYB və AJB-nin üzvü, “Qızıl qələm”
media mükafatçısı.

Warning: A non-numeric value encountered in /home/sosialxe/public_html/wp-content/themes/Newsmag/Newsmag/includes/wp_booster/td_block.php on line 352