Türkiyənin Zəngəzurdan olan sabiq prezidenti

Son iki yüz il ərzində regionda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalıblar. Ermənilərin “tarixi əzəli torpaqları”nı yaratmaq siyasəti mərhələ-mərhələ həyata keçirilib. Bu siyasətin qurbanlarından biri də tarixi Azərbaycan torpağı olan Zəngəzur mahalıdır.

Sosialxəbər.az zəngəzur mahalı haqda maraqlı məlumatları təqdim edir.

Azərbaycanın tarixi Zəngəzur mahalı Qafan, Gorus, Qarakilsə (Sisian), Meğri (Mehri), Zəngilan, Qubadlı və Laçını əhatə edirdi. XX əsrin əvvəllərində Zəngəzur mahalında 149 türk kəndi, 91 kürd kəndi və ermənilərin köçürülməsi nəticəsində 81 erməni kəndi var idi. Qərbdən Zəngəzur, şərqdən Qarabağ dağları bu qədim mahalın təbii coğrafi sərhədlərini əhatə edirdi.

Tarixi mənbələrdə, müxtəlif səyyahların yazılarında göstərilib ki, Zəngəzur türklərin qədim yurd yeri olub.

Ümumiyyətlə, adlar yerin, torpağın danışan dilidir, onun üstündə yaşamışların ən etibarlı, uzunömürlü ünvanlarıdır. Zəngəzurdakı türk mənşəli toponimik adların mütləq çoxluğu da bu fikri təsdiqləyir.

Toponimin adındakı “zəngi” leksik vahidi də türk tayfa adıdır. Türk respublikalarında və Azərbaycan yer adlarında bu oğuz-türk tayfasının izləri yaşayır: Zəngiçay, Zəngitəpə, Zəngərik, Zəngişamlı, Zəngənə, Zəngilan, Zəngəran, Zəngənə, Zəngişalı, Zəngidərə çayı, Zəngibasar, Zəngilər, Zəncan, Zəngilli, Zəngi çayı və sair.

Mahmud Kaşğarlı, Rəşidəddin, Əbdülqazi, A.Bakıxanovun əsərlərində və bir çox digər yazılı mənbələrdə oğuz-türk tayfasından biri olan zənginin adı keçir.

Zəngəzur Çar Rusiyası dövründə Yelizavetpol quberniyasının tərkibində olub. 1905-1907 və 1914-1920-ci illərdə silahlı erməni dəstələrinin törətdiyi qırğınlar nəticəsində bu mahalda təxminən yarım milyon müsəlman həlak olub. Həmin illərdə Zəngəzurda 115 müsəlman kəndi yer üzündən silinib. 4472 qadın və uşaq erməni silahlıları tərəfindən vəhşiliklə qətlə yetirilib.

Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbaycan K/b/P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarla həll olunub. Nəticədə Zəngəzur qəzasının 6.742 kv verstlik ərazisindən 3.105 kv versti Azərbaycan SSR tərkibində qalıb, 3.637 kv verstlik hissəsi isə Ermənistana peşkəş edilib.

1988-ci ildən başlayaraq, Ermənistan silahlı qüvvələrinin ölkəmizə hərbi təcavüzü nəticəsində Zəngəzurda, Göycədə, Dərələyəzdə, İrəvanda, Vedidə – indiki Ermənistan adlanan torpaqlarda yaşayan azərbaycanlılar dədə-baba yurdlarından qovuldular. Kütləvi terrora məruz qalan azərbaycanlıların son nümayəndələri məcburiyyət qarşısında qalıb Zəngəzuru tərk edəndən sonra burada onlara məxsus yüzlərlə tarixi, maddi-mədəniyyət abidəsi ermənilər tərəfindən dağıdılaraq məhv edildi.

Bu gün Ermənistan ərazisində qalan Zəngəzur tarixi Azərbaycan torpağıdır.

Zəngəzur mahalı özü qədər tarixə iz qoyub, saysız-hesabsız şəxsiyyətlər yetişdirib. Qarabağın general-qubernatoru, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Xosrov Paşa bəy Sultanov, qardaşı Sultan bəy Sultanov, Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü yazıçı Məmməd Sadıq Aran, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü deputat Azay Quliyev, şair, tibb elmləri namizədi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Musa Urud, şair, tərcüməçi, Azərbaycan Respublikasının xalq şairi Vahid Əziz, “20 Yanvar Şəhidi” fəxri adını almış Mürvət Şərifov və s. şəxslərin adını çəkmək olar.

Lakin indi adını çəkəcəyimiz bir şəxs var ki, bəlkə də çoxları onun əslən Zəngəzur mahalına gedib çatdığını bilmir.

Bu şəxs Türkiyənin sabiq Prezidenti Süleyman Dəmirəldir. Zəngəzurlu jurnalist, publisist Flora Xəlilzadənin “Yolum düşə Zəngəzura” kitabında (səh: 510-11) deyilir:

“…1996-cı ildə Azərbaycan Milli Məclisinin üzvü olan bir qrup qadın deputatla qardaş Türkiyədə 15 günlük işgüzar səfərdə idik. Yaddançıxmaz görüşlərdən biri Prezident Süleyman Dəmirəllə oldu:

“ – Sən haradansan?

– Sisiandan, əski ismi Qarakilsə.

– Əvət. Mənim baba vətənimdənsən.

– Necə?

– Mən Qaçaq Süleymanın torunuyam”.

Zəngəzurda, xüsusilə Qarakilsədə Qaçaq Süleyman çox igid və məşhur bir adam olub. Onun qoçaqlığı haqqında həmişə müxtəlif hadisələr danışardılar. Süleyman Dəmirəl hətta ata kəndlərinin adını da dedi. Yaddaşım məni aldatmırsa, ya Dərəkənd idi, ya da Dərələr.

Əlbəttə, Süleyman Dəmirəl kimi ciddi bir şəxsiyyət bu şəkildə zarafat etməzdi. Təəssüf ki, mənim onunla söhbət etmək imkanım olmadı. Amma dilindən qopan bu kəlməni unuda bilmirəm: “Mən Qaçaq Süleymanın nəvəsiyəm…”

Avatar

Səbinə Kərimova

Read Previous

Rusiya gələcəkdə də bizim üçün çətin qonşu olaraq qalmaqda davam edəcək

Read Next

Əgər Bakı bunu vaxtında etməsə… – Şevçenko

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir