Məmurlarımız bu sözü həmişə yanlış anlayır

Son dövrlər yaradılan ictimai təşkilatlar və dövlət qurumları mətbuatdakı problemləri aradan qaldıra bilmədi, əksinə, iflic vəziyyət yaratdı. Bu səbəbdən Medianın İnkişafı Agentliyinin yaradılması, ona ciddi səlahiyyətlərin verilməsi media səhəsində inkişaf üçün ümidlər oyadır.

Sosialxəbər.az bildirir ki, Bunu Axar.az-a media eksperti, professor Qulu Məhərrəmli deyib. O bildirib ki, media sahəsində islahatların aparılmasına ciddi ehtiyac var idi:

“Son bir ildə media sahəsində islahatların zəruri olması barədə çox danışırdılar. Hesab edirəm ki, bu Agentliyin yaradılması həmin islahatların başlanğıcıdır.

Agentliyin nizamnaməsində göstərildiyi kimi, bu, jurnalistikanın bütün sahələrinin, o cümlədən informasiya agentliklərinin işini, internet medianın tənzimlənməsini, medianın fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini və s. reallaşdıracaq”.

Ekspert bildirib ki, Agentlik əsasən 3 istiqaməti əhatə edəcək:

“Birincisi, qanunverici bazanın möhkəmləndirilməsidir. Söhbət “KİV haqqında qanun”un yenilənməsindən, media qanunvericiliyi ilə bağlı məsələlərin həll olunmasından gedir. Jurnalistlərin redaksiya daxilində sərbəstlikləri təmin olunmalı, məmurlarla münasibətlər hüquqi çərçivədə müəyyənləşməli və informasiyaların rahat əldə edilməsi üçün qanunverici baza mötəbər və etibarlı olmalıdır.

İkinci istiqamət medianın maddi-texniki bazası ilə bağlı problemlərin həll olunmasıdır. Bu, çox ciddi məsələdir. Bu proses elə şəkildə aparılmalıdır ki, jurnalistlər kimdənsə asılı vəziyyətə düşməsinlər, əksinə, öz fəaliyyətlərini genişləndirmək üçün müəyyən sərbəstlik və azadlıqlar əldə edə bilsinlər.

Üçüncüsü isə ölkədə fikir plüralizminin təmin olunması, media subyektləri ilə cəmiyyət, dövlət arasında münasibətlərin tənzimlənməsini reallaşdırmaqdır. Bu elə də asan məsələ deyil. Çünki Mətbuat Şurası yaradılan zaman şikayətlər üzrə komissiya bu işlə məşğul idi, amma o, çox da effektli olmadı. Həm cəmiyyətdən, həm də medianın özündən gələn problemlər bunu yüksək səviyyədə reallaşdırmağa imkan vermirdi. İndi isə bu işlər üçün yeni səlahiyyətli qurum yaradılıb”.

Q.Məhərrəmli bildirib ki, yeni yaradılan qurum onlayn mediada nizamsızlığı və mətbuat azadlığından sui-istifadə hallarını aradan qaldıracaq:

“Bəzi saytlar şəxsi-qərəz vasitəsinə çevrilib. Hesab edirəm ki, bu nöqsanlar aradan qaldırıldıqca cəmiyyətin də mətbuata etimadı yüksələcək. Medianın fəaliyyətinin tənzimlənməsi onları asılı vəziyyətə salmaq demək deyil. Bizdə tənzimləmə deyən kimi bəzi məmurların ağlına məhdudiyyətlərin tətbiq edilməsi gəlir.

Jurnalistikanın cəmiyyəti məlumatlandırmaq missiyası və ictimai nəzarət funksiyası var. Burada önəmli olan vicdanlı xidmətdir və azadlıqdan sui-istifadə etməməkdir. Ümid edirəm, yeni yaradılan Agentlik bu problemlərin öhdəsindən asanlıqla gələcək”

Avatar

Səbinə Kərimova

Read Previous

Mehriban Əliyeva tapşırıq verdi

Read Next

Afinadan Qarabağ təxribatı: daha bir yanlış… – Şərh

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir