Ermənilərin Şuşa təbliğatı: niyə israrla buna çalışırlar?

44 günlük müharibədə ordusu darmadağın edilmiş, ağır məğlubiyyətə uğramış Ermənistan nəyin bahasına olursa-olsun guya Şuşanın döyüşsüz verildiyini həm daxili, həm də xarici auditoriyaya təlqin etməyə çalışır. Təbii ki, bu zaman ortalığa haqlı bir sual çıxır: Ermənilər nə üçün Azərbaycanın işğaldan azad etdiyi digər ərazilərlə yox, məhz Şuşa ilə bağlı “xəyanət nəticəsində”, “döyüşsüz təhvil verilib” təbliğatını aparırlar?

Sosialxəbər.az xəbər verir ki, bu sözləri politoloq Elçin Mirzəbəyli qeyd edib.

Ekspert bildirib ki, düşmənin bu təbliğatı aparmaqda niyyəti var:

“Erməni siyasətçiləri və təbliğatçıları Şuşanın Qarabağın siyasi mərkəzi olduğunu, daha əvvəl ilk Qarabağ xanı Pənahəli xanın adı ilə “Pənahabad” aldandırıldığını yaxşı bilirlər. Qarabağ xanlığının həm də tarixi Azərbaycan dövlətlərindən biri olduğunu nəzərə alsaq, ermənilərin torpaqlarımıza sahiblənmək üçün nə üçün Şuşa amilindən istifadə etdiklərini müəyyənləşdirə bilərik.

Onlar dolayısıyla iddia edirlər ki, “əgər siyasi mərkəz, paytaxt Şuşa ermənilərə məxsusdursa, o zaman Qarabağ da ermənilərindir”.

Yəni ermənilər azərbaycanlıların Qarabağ ərazisində qurduqları eyniadlı dövlətə (xanlığa) sahiblənmək istəyirlər ki, indi işğalına son qoyulmuş ərazilərdə qurmaq istədikləri ikinci erməni dövlətinin mövcudluğunu əsaslandıra bilsinlər. Məhz bu səbəbdən də Azərbaycan torpaqlarının işğalı prosesində Şuşanın qəsb edilməsi ermənilərin əsas hədəfi olub.

Təsadüfi deyil ki, onlar “qələbə günü” kimi məhz Şuşanın işğal edildiyi günü bayram edirdilər. Alınmaz qala olan Şuşanın Azərbaycanın müzəffər ordusunun əsgər və zabitlərinin misilsiz rəşadəti, fədakarlığı nəticəsində azad edilməsi ermənilərin təbliğat tezislərini sıradan çıxarmaqla yanaşı, erməniliyin söykəndiyi sütunlardan biri olan “məğlubedilməzlik” sindromunu da sıradan çıxarıb”.

Elçin Mirzəbəyli qeyd edib ki, əsgərlərimiz 30 ilə yaxın bir zaman ərzində Şuşada çoxsaylı istehkamlar qurmuş Ermənistan ordusunun tankına, topuna qarşı döyüşüb və az qala, yalın əllə qalib gəlib:

“Bir neçə yüz nəfərdən ibarət Azərbaycan cəngavəri Ermənistan ordusunun yüzlərlə əsgərini məhv edib, minlərlə hərbçisini yaralayıb və döyüş meydanından qaçmağa məcbur edib. Azərbaycan igidləri Ermənistan ordusunun həm relyef, həm hərbi texnika, həm də hərbçilərin sayı baxımından dəfələrlə üstün mövqedə olmasına baxmayaraq, Şuşanı ildırımsürətli bir əməliyyatla, sıldırım, keçilməz qayalıqları yalın əllə qalxaraq, əlbəyaxa döyüşdə darmadağın ediblər. Azərbaycan ordusunun ermənilərə Şuşada verdiyi dərs onların “məğlubedilməzlik” haqqında uydurduqları mifləri alt-üst edib.

Azərbaycan Şuşanı işğaldan azad etməklə həm də dövlətçiliyinin bir parçası olan Qarabağ xanlığının vərəsəliyinə sahiblənib. Tarixi ədalətin təntənəsi olan bu reallıq əbədiyyətə qədər dəyişməyəcək”.

Avatar

Səbinə Kərimova

Read Previous

Qanunsuz sərnişindaşıma ilə məşğul olan şəxs həbs edilib

Read Next

Eyvazov rəisi vəzifədən azad etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir