Nikaha girənlərin 30%-i boşandı: bu, həyəcan siqnalıdır

Bu il ölkədə 14 min boşanma hadisəsinin qeydə alınması cəmiyyətdə ciddi narahatlığa səbəb olub. Bu göstəricinin yalnız pozulan rəsmi nikahları əks etdirdiyi, kəbinlər də nəzərə alınmaqla, bu rəqəmin daha çox olduğu bildirilir. Qeyd edilir ki, artıq sözügedən durumla bağlı həyəcan təbili çalmağın zamanıdır.

Sosialxəbər.az bildirir ki, Məsələ ilə bağlı Axar.az-a açıqlama verən sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, boşanmaların sayının artması yeni nəsil üçün ciddi problemlər yaradır:

“Əgər ölkədə nikaha girənlərin 30 faizə qədəri boşanırsa, bu o deməkdir ki, problem yaşayan ailələr bundan iki dəfə çoxdur. Bu, Azərbaycanın yeni nəsilləri üçün problemlər yaradır. Uşaq normal, ahəngdar münasibət olan ailədə böyüyən zaman onun psixologiyası da, sağlamlığı da, təhsili də, cəmiyyətlə münasibəti də yaxşı olur. Ölkənin tərəqqisi üçün bu məsələlərə ciddi diqqət etməliyik. Bu vəziyyət həyəcan siqnalı çalınmasını labüd edir.

Çox təəssüf ki, bununla bağlı dövlət qurumlarına etdiyim müraciətlərə, vəziyyətdən çıxış yolları barədə təkliflərimə əhəmiyyət verən olmayıb. Psixologiya, sosiologiya, pedaqogika və s. elm sahələrinin metodlarından istifadə edərək bu sahədə müəyyən tənzimləmələr apara bilərik”.

Sosioloq qeyd edib ki, boşanmaların sayının çoxalması problemi bütün dünyada yaşanır:

“Mədəniyyətinə, adət-ənənəsinə çox sadiq olan Yaponiyada belə boşanmaların sayı xeyli çoxdur. Bu, Qərb ölkələrində də özünü göstərməkdədir. Hətta Fransa, Norveç, İngiltərə, ABŞ-da və bir çox başqa ölkələrdə boşanma prosedurları sadələşib və bu da boşanmaların sayına təsir edir. Vəziyyətdən çıxış yolu isə boşanma prosedurlarını çətinləşdirmək deyil. Bu zaman ailədə insanlar daha çox gərgin və əsəbi olacaqlar. Çalışmaq lazımdır ki, ailə institutuna münasibət barədə maarifləndirmə işləri yüksək səviyyədə olsun. Biz min illərdir ki, ailəyə çox müqəddəs qurum kimi baxırıq, ailənin qorunması üçün hər şeyi edirik. Bizdə ailə institutunun dağılması digər Qərb ölkələri ilə müqayisədə daha çox fəsadlar yaradır. Ailə institutunun faydası barədə KİV-də ciddi maarifləndirmə işləri aparmalıyıq. Çalışmalıyıq ki, həyat yoldaşı seçməyə başqa mövqedən yanaşılsın, ailədəki münasibətlərə daha ciddi baxılsın, ailənin dağılmasına səbəb olan sosial-iqtisadi məsələlərlə bağlı dövlətin qayğısı dəyişsin. Yəni ailə ilə bağlı siyasətimiz dəyişməlidir. Bununla bağlı elmi təminata ehtiyac var. Təəssüf ki, bu sahəyə əhəmiyyət verilmir. Çalışmalıyıq ki, ailələr mənəvi dəyərlər, maraqların oxşarlığı üzərində qurulsun. Hər bir ailədə mənəvi dəyərlər olmalıdır. Əks halda ailələr gec-tez dağılır”.

Avatar

Səbinə Kərimova

Read Previous

BMT etiraz etdi

Read Next

Kreml Köçəryanı hakimiyyətə gətirəcək? – Politoloq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir