Bu, rus sülhməramlılarına inamı sarsıda bilər

Sosiaixəbər.az bildirir ki, Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynlinin Axar.az-a müsahibəsi:

– Fevralın 20-də Xankəndidə “miatsum hərəkatı”nın 33-cü ildönümü qeyd edildi. Sizcə, ermənilər 44 günlük Vətən müharibəsindən qətiyyən nəticə çıxarmayıblar?

– “Miatsum hərəkatı”nın 33-cü ildönümünün qeyd olunması təsadüfi bir hadisə deyil. Bu gün erməni cəmiyyətində revanşist duyğular həddən çoxdur. Bu da azmış kimi, əksər müxalif siyasi qruplar xalqın bu duyğularından istifadə etməyə çalışır.

Real yanaşsaq, müharibə hələ bitməyib. Ümumiyyətlə, nə qədər ki Ermənistan var, sülhdən danışmaq tezdir. Çünki bu ölkənin yaradılmasında məqsəd regionda daimi konflikt ocağını saxlamaq, sülhə imkan verməmək, ölkələri təhdidlə üz-üzə qoymaqdır. Bu istiqamətdə bu ölkəyə bir yox, bir neçə böyük güc dəstək verir. Ermənistan türk dünyasının bağrına saplanmış paslı bıçaq kimidir.

Düşünürəm ki, “miatsum hərəkatı”nın 33-cü ildönümü təkcə erməni xalqı üçün deyil, Azərbaycan üçün də ciddi mesaj olmalıdır. Qarşıdan 26 fevral Xocalı faciəsi gəlir. Gələcək nəsillərimizin qayğısına bu gündən qalmalıyıq. Nə qədər ki, ermənilər “miatsum” deyəcək, bu, gələcəkdə də potensial Xocalı faciələrinin, yeni müharibələrin olması deməkdir. Bu mənada maksimum dərəcədə Ermənistana təzyiq etməli, Qarabağdakı qanunsuz terror yuvasını məhv etməliyik. Bu gün ermənilərin xəstə şüurundan “miatsum hərəkatı”nı silməyin tək yolu Ermənistanı ağır şərtlərlə sülhə məcbur etməkdir.

– Rusiya sülhməramlılarının Xankəndidə təşkil edilən “miatsum hərəkatı”nın 33-cü ildönümünə qatılmalarını necə qiymətləndirirsiniz?

– Rus sülhməramlıları istər erməniləri, istərsə də azərbaycanlıları qıcıqlandıracaq hərəkətlərdən uzaq durmalıdır. İndi region çox həssas bir dövrdən keçir. Müharibə yeni bitib. Həm erməni, həm də Azərbaycan tərəfinin itkiləri var. Rus sülhməramlıları unutmamalıdır ki, onların tək vəzifəsi regionda sülhü qorumaq, tərəflər arasında gərginliyin artmasının qarşısını almaqdır. Rus sülhməramlıların bədnam “miatsum hərəkatı”nın 33-cü ildönümündə iştirak etməsi ciddi bir səhvdir. Bu, elə bir səhvdir ki, sülhməramlılara olan inamı sarsıda bilər. Onsuz da bu gün rəsmi Bakını sülhməramlılarla bağlı narahat edən məqamlar var. Kreml bütün bunları ölçüb-biçərək hərəkət etməlidir.

Sülhməramlılar azərbaycanlıların da, ermənilərin də dini və milli bayramlarında iştirak edə bilər, lakin sırf siyasi bir yığıncağa qatılmağı doğru hesab etmirəm. Ümid edirəm sülhməramlılar 26 fevral Xocalı faciəsinin anım gününə də qatılacaq. Hər halda Xocalı soyqırımı 20-ci əsrin insanlıq faciəsidir.

– Ötən gün Ermənistan müdafiə naziri Vaqarşak Arutyunyanın Rusiyanın bu ölkədə yerləşən 102-ci bazasının Ermənistanın şərqinə dislokasiya olunması imkanları ilə bağlı məsələ üzərində çalışdığını deyib. Sizcə, bu məsələ rəsmi Bakını narahat etməlidir?

– Rusiyanın Ermənistandakı hərbi bazasını böyütməsi, ya da yerini dəyişməsi bizim üçün təhdid deyil. Hər halda Rusiya bu bazadan Azərbaycan əleyhinə istifadə etməyəcək. Gəlin, real yanaşaq. Hər kəs yaxşı bilir ki, Rusiyanın Ermənistanda yerləşən 102-ci hərbi bazasının əsas məqsədi nədir.

Vaqarşak Arutyunyanın sözləri əslində, Ermənistanın tədricən müstəqilliyini itirərək Rusiyanın daxilindəki subyektlərdən biri halına gəlməsi deməkdir. Yəni Arutyunyan dolayı yolla ölkəsinin müstəmləkə halına gəlməsini alqışlayır. Azərbaycana gəldikdə isə deyə bilərəm ki, rəsmi Bakı heç vaxt ehtiyatı əldən buraxmamalıdır.

Avatar

Səbinə Kərimova

Read Previous

Rusiyanın bu yarımadanı hərbiləşdirməsi… – Mills

Read Next

Buna görə azərbaycanlılar məni qınayacaq, amma…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir