Əsas Səhifə Mədəniyyət 9 yaşında taxta çıxan böyük Azərbaycan şahı

9 yaşında taxta çıxan böyük Azərbaycan şahı

13 dəqiqə oxundu
0
0
5,273

Sosialxəbər.az bildirib ki, Kult.az-ın “Tarixə hökm oxuyan türklər” rubrikasının ilk buraxılışında Azərbaycan Səfəvilər dövlətinin 15-ci şahı II Abbasla bağlı maraqlı məlumatları təqdim edirik:

II Şah Abbasın əsl adı Məhəmməd Mirzədir. O, I Şah Səfinin çərkəz mənşəli həyat yoldaşı Anna xanımdan olan övladıdır. II Şah Abbas 31 dekabr 1632-ci ildə İsfahanda doğulub.

O, I Şah Abbasdan sonrakı Səfəvi şahları arasında ən bacarıqlılarından sayılır. Bir çox xüsusiyyətlərinə görə babası I Şah Abbasa çox oxşayıb.

Erkən bitən uşaqlıq

II Şah Abbas taxta 1642-ci ildə, cəmi 9 yaşı olarkən, Qızılbaş tayfa başçılarının dəstəyilə çıxıb. Yaşının az olması və təcrübəsizliyi səbəbilə taxta çıxdığı vaxtdan dövləti onun adından baş vəzir Sarı Tağı xan idarə edib. II Şah Abbasın təlim-tərbiyəsilə məşğul olan baş vəzir Sarı Tağı xan 1645-ci ildə nüfuzlu Qızılbaş tayfa başçısı Canıbəy xan Şamlı tərəfindən öldürülüb. Azyaşlı olmasına baxmayaraq, II Şah Abbas sui-qəsddə əli olan bütün əyanları edam etdirib.

II Şah Abbas Səfəvi imperiyasının heç də ən parlaq dövründə taxta çıxmamışdı. Çünki I Şah Abbasdan sonra taxta çıxan atası I Şah Səfi dönəmində Səfəvi imperiyası növbəti böhranla üzləşmişdi. Bunun əsas səbəbi I Şah Səfinin şəxsi keyfiyyətləri və dövlət işlərini başlı-başına buraxması idi. Nəticədə I Şah Abbasın vaxtında qazanılmış hərbi-siyasi-iqtisadi uğurlar ard-arda itirildi. Səfəvi imperiyasının qərbindəki ərazilər yenidən Osmanlı dövlətinin işğalına məruz qaldı. İqtisadiyyatın dağılması, xəzinənin boşalması, korrupsiyanın güclənməsi və dövlət məmurlarının yararsızlığı uşaq yaşda taxta çıxan II Şah Abbasın sərt bir xarakterli olmasını labüd etdi.

Səfəvilərin son fəthləri

15 yaşına çatdıqdan sonra II Şah Abbas tədricən dövlətin idarə edilməsini öz əlinə aldı. Atasından fərqli olaraq, fəal xarici siyasət apardı. Onun xarici siyasətinin əsas istiqamətini Rusiya, Böyük Moğol imperiyası, Osmanlı imperiyası və Avropa ölkələri ilə balanslaşdırılmış qarşılıqlı münasibətlər tuturdu. Daha çox sahib olduğu torpaqlarda möhkəmlənməyə üstünlük verən II Abbas lazım gəldikdə atasının zamanında işğal edilmiş torpaqları azad etmək üçün yürüşlər təşkil edirdi.

II Şah Abbasın hakimiyyəti illərində edilən fəthlər “Səfəvi dövrünün son fəthləri” adlanır.

Ruslara meydan oxudu

Hakimiyyətinin ilk illərində gənc hökmdarı ciddi qəbul edən demək olar ki, yox idi. I Səfinin hakimiyyətinin son illərində Qəndəharı işğal etmiş Moğol hökmdarı Şah Cahanı, həmçinin gürcü çarı Təhmurazı qiyama təhrik edən Rusiyanın gözünə II Abbas heç bir ciddi işə qadir olmayan, uşaqlığın dadını çıxaran biri kimi görünürdü. Lakin hadisələrin inkişafı göstərdi ki, yeni hökmdar özünü nəinki uşaq kimi aparmır, hətta xarici siyasətdə nümayiş etdirdiyi qətiyyətilə bir çox sələflərini kölgədə qoymağa da qadirdir.

O, mərkəzi hakimiyyətə qarşı qiyam qaldırmış gürcü çarı Təhmurazla danışıqlara getməkdən imtina etdi və onun üzərinə özü başda olmaqla, yaxşı hazırlıq görmüş qoşun hissələrilə getdi.

Qızılbaş ordusu ilə açıq döyüşə girməyə cəsarət etməyən Təhmuraz ələ keçməmək üçün rus sərhədini keçərək qaçdı. II Abbas Rus çarlığından Təhmurazın qeyd-şərtsiz qaytarılmasını tələb etdi. Rus çarı isə II Abbasın fərmanına əhəmiyyət vermədi.

Bundan qəzəblənən II Abbas rusların cavabını vermək qərarına gəldi. Xosrov xanın rəhbərliyi altında toplanmış qoşunlar Rusiya-Səfəvi sərhədini keçərək, Dərbənd ətrafında ruslara məxsus sərhəd bəndlərini yerlə-bir etdi. Ardınca Şimali Qafqazın içərilərinə doğru irəliləyən Səfəvi qoşunları Terek çayı ətrafında ruslar tərəfindən tikilən sərhəd xətlərinin də bir qismini dağıtdı. Dövrün qanunlarına görə, bu cür hərəkətlər müharibəyə çağırış və qarşı tərəfə güc nümayişi hesab olunduğundan Rus çarının II Abbasın hərəkətlərinə cavab verəcəyi ehtimal olunurdu. Lakin ruslardan müvafiq reaksiyanın gəlməməsi onların müharibə niyyətində olmadığını göstərdi.

Bir əsrlik düşmənçilik bitdi

Rusiya ilə diplomatik qalmaqaldan 4 il sonra Səfəvi ordusu II Abbasın əmri ilə ölkənin maraqlarının qorunması üçün Hindistandakı Moğol imperiyası tərəfindən işğal edilmiş Qəndəharı geri qaytarmaqdan ötrü Əfqanıstan ərazisinə daxil oldu. Səfəvi əsgərləri qısa müddətdə Qəndəharı düşməndən təmizlədilər. Moğollarla mümkün toqquşmaları nəzərə alan II Abbas ağıllı diplomatik gediş edərək, özü üçün yeni geosiyasi müttəfiq də qazanmağı bacardı. O, hakimiyyətdən salınmış özbək hakimi Məhəmməd Nadiri yenidən taxta çıxardı. Bununla da özbəklərlə 1510-cu ildən davam edən düşmənçiliyi ittifaqa çevirdi.

Osmanlı ilə tarixi sülh

II Şah Abbasın xarici siyasətdə əldə etdiyi ən mühüm nailiyyət isə şübhəsiz ki, Osmanlı dövləti ilə uzun sürən müharibələrə son qoyması idi. Belə ki, Osmanlı ilə danışıqlar aparan II Abbas 1639-cu ildə hər iki tərəfi qane edən Qəsri-Şirin müqaviləsini imzaladı və bu sülh Osmanlı imperiyası ilə aparılan uzunmüddətli, qanlı müharibələrin geridə qalmasına zəmin yaratdı.

Qeyd edək ki, II Şah Abbas 34 yaşında – 1666-cı ilin oktyabrında Damğan yaxınlığındakı Xosrovabad adlı yerdə vəfat edib. O, Qum şəhərində atasının yanında dəfn edilib.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Mədəniyyət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Şuranın dəstəyi ilə əlilliyi olan gənclərin peşə kursları yekunlaşdı

“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyi (ƏS…