«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə bağlı həmin Qanunun tətbiq olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanunun 22.3-cü maddəsində nəzərdə tutulmuş mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması qaydalarını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.6. öz səlahiyyətləri daxilində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci, 1.0.6-cı, 10.1-ci, 29.4-cü və 45-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 9.1-ci və 22.3-cü maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.3. həmin Qanunun 1.0.2-ci, 1.0.4-cü, 18.6-cı, 21.2.2-ci, 21.2.4-cü, 23.1-ci, 25-ci, 27.2-ci, 28-ci və 30.1-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu həyata keçirir;

2.4. həmin Qanunun 21.2.3-cü (birinci halda) və 24.0.1-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi həyata keçirir;

2.5. həmin Qanunun 21.2.3-cü maddəsində (ikinci halda) nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti həyata keçirirlər;

2.6. həmin Qanunun 29.1-ci və 29.2-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi həyata keçirir;

2.7. həmin Qanunun 11.1-ci, 32.2-ci və 41.1-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir;

2.8. həmin Qanunun 44-cü maddəsində (hər iki halda) nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirir;

2.9. həmin Qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınır;

2.10. həmin Qanunun 10.1-ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 1 yanvar 2006-cı il tarixindən 25 manat təşkil edir;

2.11. həmin Qanunun 45-ci maddəsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur.

3. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna tapşırılsın ki:

3.1. sosial pensiyaların və sosial pensiyaçılara, həmçinin pensiyaçı olmayan şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərin əvəzində ödənilən aylıq müavinətlərin sosial müavinətlər ilə əvəz olunaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödənilməsi məqsədi ilə sosial pensiyaçılar və pensiyaçı olmayan şəxslər üzrə pensiya və müavinət işlərinin müvafiq qaydada həmin nazirliyin rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərinə təhvil verilməsini bir ay müddətində təmin etsin;

3.2. işləməyən və işləyən əmək pensiyaçılarının hər biri üçün onların mövcud pensiya — müavinət məbləğlərinin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun şərti çevrilməsini aparmaqla, bu əsasda yeni sənədləşmənin tərtibini, əvvəlki pensiya işlərinin isə mərkəzləşdirilmiş qaydada arxivləşdirilərək, elektron uçotunun qurulmasını 2006-cı ilin sonunadək başa çatdırsın və bu sahədə görülmüş işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 6 mart 2006-cı il