Ailələr övladlarını təkcə məktəbin ümidinə buraxmamalıdırlar.

Sosialxəbər.az xəbər verir ki, bu sözləri “Yeni Müsavat” qəzetinin baş redaktorun birinci müavini Azər Ayxan bu gün Beynəlxalq Mətbuat Mərkəzində “İnformasiya mühitində uşaq və yeniyetmə hüquqlarının qorunması: mövcud yanaşmalar və tələblər” mövzusunda təşkil olunan konfransda çıxışı zamanı səsləndirib.

“Elə bir dövrdə yaşayırıq ki, sosial media bizim həyatımıza daxil olub və peşəkar media sosial media ilə yarışır. Bəzən fərqinə varmadan sosial media ilə bir yarış içindəyik. Bəzi xəbərləri sosial şəbəkə ilə yarışaraq veririk, filan xəbər sosial şəbəkədə yayılıb, tez onu xəbərə çevirək. Bunun nəticəsində belə xəbərlərin yayılması meydana çıxır. Bir çox inkişaf etmiş Avropa ölkələrində intihar, zorlama, qəza və sair kimi olaylar mediada, hətta sosial mediada belə yayılmır. Cəmiyyətlə media arasında bir anlaşma var”, – deyə A.Ayxan bildirib.

O bildirib ki, ortada bir yeniyetmə qızın ölüm faktı var, bu hər birimizi üzür:

“Bizim də o yaşlarda övladlarımız var. Məsələyə bir qədər də övladını itirmiş valideynin gözüylə baxmalıyıq. Övlad elə bir varlıqdır ki, insan onun üçün ölümə də gedər. Övlad haqlı da olsa, haqsız da olsa, valideyn onun uğrunda savaşa girməyə hazırdır. Növbəti belə hadisələrin baş verməməsi üçün biz də çalışmalıyıq. Cəmiyyətin öndəgələn insanlarıyıq, bizim üzərimizə çox ciddi məsuliyyət düşür. İcitmai fikrin yaranmasında ciddi rolumuz var. Ona gprə də təkcə öz övladlarımızın problemi olanda yox, digər gənclərin poblemi olanda da biz bir media rəhbəri, ictimai xadim, deputat olaraq kömək etməliyik. Biz “Yeni Müsavat” olaraq dəfələrlə vətəndaşlara birbaşa köməklik etmişik. Vətəndaş sonuncu ümid yeri olaraq “Yeni Müsavat”ın redaksiyasına üz tutub, hansısa məmurun haqsızlığı ilə üzləşib, problemi işıqlandırmışıq, məsələ həllini tapıb”.

A.Ayxan bildirdi ki, valideynlər övladlarına nəzarət etməlidilər:

“Bütün məsuliyyəti məktəbin üzərinə atmamalıdır. Əgər övladının məktəbdə problemi yaranıbsa, özü direktorla, müəllimlə təmasa keçməlidi. Biz də media olaraq məktəbi, təhsili, hansısa müəllimi qaralamalı deyilik”.