Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov “Dubay 2019” para atletika üzrə dünya çempionatında iştirak edən paralimpiyaçıları qəbul edib. Görüşdə MPK-nın baş katibi Kamal Məmmədov, para atletika üzrə milli komandanın baş məşqçisi, ikiqat paralimpiya çempionu Oleq Ponyutin, Paralimpiya çempionu Oluxan Musayev və komandanın digər üzvləri iştirak ediblər.

Sosialxəbər.az xəbər verir ki, tədbiri açan MPK prezidenti İlqar Rəhimov yarışların uğurlu olduğunu və bu yarışlarda “Tokio 2020” Yay Paralimpiya Oyunlarına 3 lisenziya qazanıldığını qeyd edib. Bununla belə İlqar Rəhimov qeyd edib ki, para atletika komandası daha da əzmlə çalışmalı və növbəti yarışlarda daha yaxşı nəticələr əldə etməlidir.

“Qarşıdakı əsas hədəf “Tokio 2020″ paralimpiya oyunlarıdır. Bu oyunlara cəmi 10 ay vaxt qalıb. Bu vaxt ərzində var qüvvənizlə məşq etməli və ümidləri doğrultmalısınız” – deyə o əlavə edib.

Komandanın baş məşqçisi, ikiqat paralimpiya çempionu Oleq Ponyutin yarışların gərgin mübarizə şəraitində keçdiyini, bununla belə, qarşıya qoyulan əsas hədəfə – “Tokio 2020”-yə lisenziyalar qazanmağa nail olunduğunu qeyd edib.