Azərbaycan Dillər Universitetində (ADU) “XIX Respublika Gənclər Debat Forumu: Yaz-2019” layihəsi çərçivəsində Azərbaycan bölməsi üzrə Bakı Gənclər Debat Forumunun final oyununda ADU-nun iki komandası qalibiyyət uğrunda debat aparıblar.

Sosialxəbər.az xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla tələbələrin bu kimi mühüm tədbirdə iştirak etməklərindən məmnun olduğunu deyib:

“Debat yeni düşüncə cücərtisidir, insanın öz daxili mahiyyətini ortaya qoymaq təşəbbüsüdür. Debat aləminə girmək kiminləsə ünsiyyət qurmağın açarıdır. Burada siz dünyagörüşünüzü, çevik düşünmə qabiliyyətinizi ortaya qoyursunuz. Finala gəlib çıxan hər iki komanda ADU-nun komandası olduğu üçün mənim üçün ikisi də qalibdir. Hamınıza uğurlar arzu edirəm”.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev XIX Respublika Gənclər Debat Forumunun ənənə halını aldığını deyib:

“Bu, gənclərin iştirakı ilə bir neçə hədəfə istiqamətlənmiş layihədir. Hər il çox maraqlı mövzular seçilir. Tələbələr də yüksək səviyyədə hazırlaşırlar. Azərbaycanda dünyamiqyaslı tədbirlər keçirilir. Bu da onu göstərir ki, Azərbaycan dünyada stabil, dinamik, davamlı inkişafda olan dövlətdir. Beynəlxalq tədbirlərin keçirilməsi nəticəsində xaricilər Azərbaycanı tanıyırlar. Bu yarışlar gələcək inkişafımıza öz töhfəsini verəcək”.

Daha sonra XIX Respublika Gənclər Debat Forumu: Yaz 2019-un video-icmalı nümayiş olunub.

Qeyd edək ki, “XIX Respublika Gənclər Debat Forumu: Yaz 2019” layihəsi Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin (DVC) təşkilatçılığı ilə Milli Debat Proqramı çərçivəsində həyata keçirilir.

ADU-nun 3 komandasının qoşulduğu Forumda ADU-nun “DeBabat” və “Dereprobates” komandaları final oyununda yarışıb.

Mövzu ətrafında debat aparan komandalardan “DeBabat” hakimlərin qərarı ilə birinci yerə layiq görülüb.

ADU-nun tələbələri Sevinc Əliyeva Bakı Gənclər Debat Forumun ən yaxşı 2-ci, Aytən Cəbrayılova 4-cü, Elşad Haşımov 6-cı, Lamiyə Əhmədzadə isə 8-ci natiqi seçiliblər.

Sonda Azərbaycan və rus bölmələri üzrə qalib və finalçılar kubok və medallarla mükafatlandırılıb.