Sosialxəbər.az xəbər verir ki, İnzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməyəcək.

Bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı fərmanla qüvvəyə minən “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunda əksini tapıb.
Qüvvədə olan İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan iki il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməzdi. Dəyişikliyə əsasən artıq inzibati xətanın törədildiyi vaxtdan iki il deyil, bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməyəcək.