«Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü»nün təyin olunması və ödənilməsi Qaydaları»nın təsdiq edilməsi haqqında
Qərar № 18

(22 fevral 2008-ci il tarixli, 50 nömrəli Qərara əsasən
edilmiş sonuncu dəyişikliklərlə)

Bakı şəhəri, 29 yanvar 2007-ci il

«Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezi¬dentinin təqaüdü»nün təsis edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli, 493 nömrəli Fərmanının 3.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. «Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezi-dentinin təqaüdü»nün təyin olunması və ödənilməsi Qaydaları» təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar 2007-ci il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A. RASİ-ZADƏ
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmişdir

«Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü»nün təyin olunması və ödənilməsi
Qaydaları

1. Bu Qaydalar «Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü»nün təsis edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli, 493 nömrəli Fərmanına əsasən hazırlanmışdır və şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi mexanizmini müəy-yən edir.
2. «Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü» şəhidin aşağıdakı ailə üzvlərinə təyin edilir:
2.1. arvadına (ərinə);
2.2. valideynlərinə;
2.3. 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlarına;
2.4. uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına;
2.5. qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrinə.
3. Şəhidin 2.3-cü və 2.4-cü yarımbəndlərdə göstərilən ailə üzvləri tədris müəssisələrində əyani təhsil aldıqda, həmin təqaüd təhsili bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək ödənilir.
4. Şəhidin qəyyumluğa (himayəçiliyə) verilmiş uşaqlarına «Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü» təyin edilərkən qəyyum (himayəçi) ailə tərkibində nəzərə alınmır.
5. «Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezi-dentinin təqaüdü» müraciət edən şəxsin şəhidlə qohumluğunu təsdiq edən sənəd, şəhid ailələrinə verilən vəsiqə, təqaüd almaq hüququ olan digər ailə üzvləri barədə məlumat və ərizə əsasında təyin edilir.
6. «Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü» hər bir şəhidə görə təyin edilir və ailə üzvlərinin sayına bərabər bölünməklə ödənilir.
7. «Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü» Azərbaycan Respublikasının hüdud-larından kənarda yaşayan şəhid ailəsi üzvlərinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasında yaşayan şəhid ailəsi üzvlərinə isə yaşayış yeri üzrə rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən təyin edilir və ödənilir.
8. Müraciət müddətindən asılı olmayaraq, «Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü» onu almaq hüququ yarandığı gündən təyin edilir.
9. «Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü» dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
10. Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəhid ailəsi üzvlərinə təqaüd onların arzularına əsasən Azərbaycan Respublikasının banklarında açılmış şəxsi hesablarına və ya öz vəsaitləri hesabına yaşadıqları ölkələrə köçürülür.