Azərbaycanda elektrobusların istehsalı ətraf mühitin mühafizəsi nöqteyi-nəzərdən olduqca vacib bir məsələdir.

Sosialxəbər.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında nəqliyyat eksperti Azər Allahverənov deyib. O bildirib ki, çoxdandır Azərbaycanda ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin istifadəsi barədə fikirlər səsləndirilirdi:

“Həmçinin ötən il dekabrın 27-də “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı” qəbul edildi. Bu proqramda ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinə keçidin təmin olunması ilə bağlı vahid proqram əsasında genişmiqyaslı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bu, ətraf mühitin mühafizəsi nöqteyi-nəzərindən olduqca vacibdir. Ona görə ki, yanacaqla işləyən nəqliyyat vasitələrindən havaya buraxılan zərərli maddələrin, tullantıların həcmi kifayət qədər yüksək olur. Bu da ölkənin ətraf mühitinə mənfi təsir göstərir”.

Ekspert vurğulayıb ki, elektrobusların Azərbaycanda istehsal olunması avtobus parklarının yüklənməsinin qarşısını alacaq:

“Paytaxtda 2100-dən çox avtobus fəaliyyət göstərir, lakin bu say sərnişinlərin daşınması üçün kifayət etmir. Elektrobusların istehsalı avtobus parkının yüklənməsinin qarşısını alacaq. Əlavə olaraq, elektrobusların xəttə buraxılması bu gərginliyi aradan qaldıracaq. Bununla yanaşı, atıq biz yerli maşınqayırma istehsalçılarının maraqlarına cavab verə biləcək sahəni inkişaf etdirəcəyik. Bu, əlavə iş yerləridir və qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Bir neçə yanacaqdoldurma məntəqəsində zəruri infrastrukturun yenilənməsi prosesinə başlanıb. Buraya həmçinin elektrik cərəyanının yığılması üçün zəruri infrastrukturun yaradılması məsələsi də daxildir. Hazırda elektromobillər üçün belə yerlər var, amma azlıq təşkil edir. Artıq ümumi istifadə olunan nəqliyyat vasitələrinin istismarından söhbət gedirsə, şəbəkə genişləndirilmədir”.

Qeyd edək ki, Gəncə Avtomobil Zavodunda Belarus elektrobuslarının istehsalı başlayacaq. Bu elektrobusların tərkib hissələrini “Belkommunmaş” şirkəti istehsal edəcək. Bundan başqa elektrobusların istehsalı ilə bağlı Almaniyanın “Eurabus” şirkəti Gəncə Avtomobil Zavodu ilə yaxın iki ay ərzində müqavilə imzalayacaq.