Azərbaycanın dünyanın ən güclü orduya malik dövlətləri sırasında 53-cü yerdə olması özlüyündə Ermənistana bir cavabdır.

Bu sözləri sosialxəbər.az Axar.az-a istinadən Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Azərbaycan ordusunun düşmənə istənilən an öldürücü zərbə vura biləcəyi ilə bağlı açıqlamasını şərh edən politoloq Tofiq Abbasov deyib.

“Ermənistan son vaxtlar hədələyici bəyanatları ilə Azərbaycana psixoloji təsir göstərməyə çalışır. Ancaq Azərbaycanın dünyanın ən güclü orduya malik dövlətləri sırasında 53-cü yerdə olması özlüyündə Ermənistana bir cavabdır. Azərbaycan birmənalı şəkildə özünə güvənir və ordumuzun hazırıq səviyyəsi etibarlı şəkildədir. Ermənistan problemli vəziyyət yaratsa, müharibə qaçılmaz olacaq və bir çox dövlətlər ədalətli mövqeyimizi bundan sonra da dəstəkləməyə davam edəcəklər. Bu sırada Türkiyə də var”, – o bildirib.

T.Abbasov bu fonda Azərbaycanda türk hərbi bazalarının qurulması məsələsinə də münasibət bildirib:

“Türkiyə ilə münasibətlərimiz sınaqdan keçmiş və etibarlı münasibətlərdir. Ancaq hər hansı ölkə ilə strateji və hərbi əməkdaşlığımız həmin dövlətin Azərbaycanda hərbi baza yaratması anlamına gəlmir. Bu mənada Naxçıvanda türk hərbi bazalarının yerləşdirilməsi məsələsi hələ ki gündəmdə deyil”.

Politoloq Elxan Şahinoğlu isə bildirib ki, Müdafiə naziri Zakir Həsənovun Azərbaycan ordusunun yüksək səviyyədə hazırlığı və düşmənə istənilən an öldürücü zərbə vura biləcəyi haqqındakı açıqlaması bir növ erməni nazir David Tonoyanın “biz işğalı genişləndirə bilərik” açıqlamasına cavabdır.

“Zakir Həsənovun son açıqlamasında belə cümlə də var: “Biz indiki vaxtda müharibə şəraitində olan dövlətlərin təcrübəsindən istifadə edirik. Biz döyüş hazırlığında Türkiyənin təcrübəsindən istifadə edirik. Çünki qardaş ölkənin bu sahədə böyük təcrübəsi var”.

Göründüyü kimi, Zakir Həsənov Türkiyənin adını xüsusi çəkir. Zakir Həsənov sanki bununla demək istəyir ki, Ermənistan Rusiyanın hərbi təcrübəsindən istifadə edirsə, biz də Türkiyə təcrübəsindən istifadə edirik və edəcəyik. Çox yaxşı, sadəcə nəzər almaq lazımdır ki, Rusiyanın Ermənistanda hərbi bazaları var, Türkiyənin Azərbaycanda hərbi bazaları yoxdur. Bu məsələnin də həll etməyin vaxtı çatıb”, – politoloq bildirib