Bu gün Bakı Dövlət Universitetinin (BDU) fəaliyyətə başlamasından 100 il ötür.

Sosialxəbər.az xəbər verir ki, 1919-cu il noyabrın 15-də, şənbə günü universitetdə birinci dərs günü elan edilib.

Universitet həmin il sentyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən təsis edilib. İlk tədris ilində 2 fakültə – tarix-filologiya və tibb fakültələri fəaliyyətə başlayıb. Həmin il 1094 tələbə burada təhsil alıb. Universitetin ilk rektoru Kazan Universitetinin professoru, məşhur cərrah V.İ.Razumovski olub.

Vasili İvanoviç Razumovski sonralar bu təhsil ocağının fəaliyyətə başlamasının əhəmiyyətindən bəhs edərkən bunları yazmışdı:

“Azərbaycan öz maarif ocağını yaratdı. Türk xalqının tarixinə yeni parlaq səhifə yazıldı. Avropa ilə Asiyanın qovşağında yeni məşəl yandı. Bu böyük tarixi hadisənin şahidləri kimi biz özümüzü xoşbəxt hesab edə bilərik”.

İlk tədris ilində universitetə ştat üzrə lazım olan 104 nəfər, o cümlədən 43 professor və privat dosent cəlb edilib. Universitet yaradılanda bütün fakültələrdə türk dilinin keçirilməsi məcburi idi.

1919-cu il noyabrın 17-də “Azərbaycan” qəzetində “Darülfünunun açılması” adlı məqalədə yazılmışdı:

“Dün Azərbaycan Darülfünu ilk dəfə olaraq açıldı və ilk gündür ki, məşğuliyyətə başladı. Azərbaycan Darülfünunu, əlbəttə, bir türk Darülfünunudur, çünki türk milləti, türk parlamanı, türk hökuməti tərəfindən türk gəncliyi üçün açılmışdır… Darülfünunun həyat və məşğuliyyətə başlaması tarixi olan 15 noyabr yeni bir tərəqqi dövrünün açılmasının bir ibtidası olacaqdır”.

Lakin 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutu, bolşeviklərin hakimiyyətə gəlməsi respublikanın, o cümlədən Bakı Dövlət Universitetinin də tarixində mürəkkəb bir dövrün başlanğıcını qoydu.

1930-cu ilin iyun ayında Azərbaycan SSR Xalq Komissarları Sovetinin qərarı ilə Bakı Dövlət Universitetinin fəaliyyəti dayandırıldı, onun ayrı-ayrı fakültələrinin bazası əsasında yeni müstəqil institutlar yaradıldı. Fədakar ziyalılarımızın gərgin əməyi nəticəsində 1934-cü ilin may ayında Azərbaycan SSR Xalq Komissarları Sovetinin qərarı ilə Dövlət Universiteti yenidən işə başladı.

Universitet repressiya dövründə çox ağır qurbanlar verib. 1937-ci ildə universitetin 2 dekanı, 2 dekan müavini, 4 kafedra müdiri, kitabxana direktoru, elmi katib, xüsusi hissənin müdiri, partiya və komsomol təşkilatlarının rəhbərləri, 8 professor, həmçinin bu təhsil ocağının rektoru olmuş 4 görkəmli ziyalı – Tağı Şahbazi, Maqsud Məmmədov, Məmmədkazım Ələkbərli, Balabəy Həsənbəyov ən ağır cəzaya – güllələnməyə məhkum edilib.

Bütün bunlara baxmayaraq, BDU öz fəaliyyətinin davam etdirib və Azərbaycan elm, mədəniyyət, maarif tarixində, eləcə də xalqın milli təfəkküründə mühüm rol oynayıb.

Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə ilk illərdə burada Şərq xalqları ədəbiyyatından dərs deyib. Universitetin yaranmasındakı xidmətlərinə görə Azərbaycan müstəqilliyini bərpa edəndən sonra Bakı Dövlət Universiteti bir müddət Rəsulzadənin adını daşıyıb.

BDU-nun əsas yüksəliş dövrü 1969-cu ildən sonrakı illər hesab edilir. Universitetin məzunu Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlməsindən sonra burada yeni müasir ixtisaslar üzrə fakültələr, kafedralar, 30-a qədər elmi-tədqiqat laboratoriyaları fəaliyyətə başlayıb.

Bu gün Bakı Dövlət Universiteti ölkənin ən böyük və əsas təhsil müəssisəsi hesab olunur. Burada 20 mindən çox tələbə təhsil alır. Universitetin rektoru Elçin Babayevdir.