Nəsimi rayonunda avtomobil su-kanalizasiya sistemi üçün qazılan çuxura düşüb.

Sosialxəbər.az xəbər verir ki, taksi fəaliyyəti ilə məşğul olan Vaqif Babayev idarə etdiyi “BMW” markalı minik avtomobili ilə Hənifə Ələsgərov küçəsində hərəkətdə olarkən “Azərsu” ASC-nin su-kanalizasiya sisteminin təmiri üçün qazdığı çuxura düşüb. Nəticədə nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Sürücünün sözlərinə görə, qurumun əməkdaşları yolda təmir-qazıntı işləri apardıqdan sonra həmin əraziyə heç bir xəbərdaredici nişan qoymayıb. Bu səbəbdən də bir neçə avtomobil, eyni zamanda, V. Babayevin idarə etdiyi nəqliyyat vasitəsi çuxura düşərək zərər görüb.

V.Babayev həmçinin bildirir ki, həmin çuxurun olduğu hissə aydın şəkildə işıqlanmadığından küçə boyu hərəkət edən avtomobillər sözügedən çuxuru və ümumilikdə yolu rahat görə bilmir: Sürücü məsələ ilə bağlı lazımi orqanlara və eləcə də, “Azərsu” ASC-yə şikayət edəcəyini bildirir.