“Beynəlxalq Əlillər Cəmiyyəti” İB Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Həssas sosial qruplara aid vətəndaşlar üçün tibbi, hüquqi və psixoloji xidmətlərin təşkili” adlı layihə çərçivəsində qaçqın, məcburi köçkün, müharibə veteranları, əlil və sağlamlıq imkanları məhdud olan şəxslərin tibbi-sosial, hüquqi, psixoloji problemlərinin həlli üçün işlər görür, eləcə də bu istiqamətdə onlarla maarifləndirmə işləri də aparır.

Sosialxəbər.az xəbər verir ki, İctimai Birliyə İsmayıllı rayonunun Bizlan kəndindən 76 yaşlı, vərəm xəstəsi Musayeva Mahizər Səməd qızı tərəfindən şikayət məktubu daxil olub. O, yazır ki, yataq xəstəsi olan 1-ci qrup əlil qızı, Qarabağ veteranı olan oğlu, gəlini və 3 nəvəsi ilə birgə yaşayırlar. Bu ilin fevral ayının 5-11 arası olan davamlı zəlzələ zamanı 1957-ci ildə inşa olunmuş yaşadıqları ev dağıntıya uğrayaraq yaşayş üçün təhlükəli vəziyyətə düşüb. Ailə üzvləri ilə birgə hər gün evin uçacağı qorxusu ilə faktiki olaraq hazırda həyətdə yaşayırlar.

Layihənin rəhbəri və İB-in sədri Tahir Xudiyev və layihədə könüllü iştirak edən Səməd Fərzəliyev İsmayıllı rayonu Bizlan kəndinə səfər edərək Musayevlər ailəsinin problemi ilə yerindəcə maraqlandılar. Görüş zamanı Mahizər Musayeva Prezidentin göstərişi ilə zəlzələdən ziyan çəkmiş ailələrə köməklik üçün yaradılmış komissiyanın onların evlərini qeydiyyata görürmədiklərindən şikayətçi olduqlarını bildirdilər və evlərinə təkrar baxış keçirilməsini xahiş etdilər. Əməkdaşlarımız evin həqiqətən dağıntıya uğradığının şahidi olmuş, foto və video çəkiliş aparmışlar. 76 yaşlı xəstə ana evin hər an uça biləcəyi qorxusundan rahat yaşaya bilmədiklərini bildirmiş, əvvəllər etdikləri müraciətlərin heç bir nəticə vermədiyi üçün “Beynəlxaql Əlillər Cəmiyyətin”dən bu işdə onlara köməklik etməyi, səslərinin aidiyyəti dövlət təşkilatlarına çatdırılmasını xahiş etmişlər. Musayevlər ailəsinin qohumları və qonşuları da M.Musayevanın oğlunun həqiqətən də 6 il Qarabağ müharibəsində iştirak etdiyini, ailənin evlərinin zəlzələdən yaşamaq üçün yararsız hala düşdüyünün şahidi olduqlarını bildirdilər, hazırda həyətdə yaşayan ailənin qarşıdan gələn soyuq havalarda nə edəcəklərini düşündüklərindən bu imkansız ailəyə köməklik göstərməyi xahiş etdilər.

Musayevlər ailəsindən başqa Bizlan kənd sakini Xasıyev Orxan Mətləb oğlu da İB-ə müraciət etmişdir. Orxan da fevral ayında baş verən güclü zəlzələ zamanı Qarabağ müharibəsində Bizlan kəndindən yeganə şəhid olan qardaşı Babək Xasıyevin qəbrinin dağıldığı və çökdüyü üçün bir neçə dövlət təşkilatlarına müraciət etdiklərini, lakin heç bir köməklik göstərilmədiyni bildirdi. İB-dən şəhid Babək Xasıyevin çökmüş, dağılmış qəbrinin düzəldilməsi işində köməklik göstərməyi İB-dən xahiş edib.
İctimai Birlik tərəfindən Musayevlər ailəsinin və Orxan Xasıyevin problemlərinin müsbət həlli ilə bağlı aidiyyəti dövlət təşkilatlarına müraciətlər ediləcək.