“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi 3 ay ərzində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Həssas sosial qruplara aid vətəndaşlar üçün tibbi, hüquqi və psixoloji xidmətlərin təşkili” adlı layihə həyata keçirəcək.

Sosialxəbər.az xəbər verir ki,bu gün İctimai Birlik “Səs” İnformasiya Agentliyində həmin layihənin təqdimatına həsr olunmuş Mətbuat Konfransı keçirdi.

Mətbuat Konfransını giriş sözü ilə açan “Beynəlxalq Əlillər Cəmiyyəti”nin sədri və layihənin rəhbəri Tahir Xudiyev söylədi ki, layihənin icrası zamanı bütün kateqoriyadan olan əlilliyi olan şəxslər, müharibə veteranları, şəhid ailələri və Milli Qəhrəman ailələri, məcburi köçkünlər, həmçinin əlilliyi olan məhbusların və onların ailə üzvlərinin tibbi-sosial, hüquqi, psixoloji problemləri öyrənilərək müsbət həllinə nail olunacaq, eləcə də bu istiqamətdə onlarla maarifləndirmə işləri də aparılacaq.

Çıxış edənlər – Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Rəvanə Əsgərzadə, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Nəsibə Əsgərova, Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Azadi Quliyev, Mədəniyyət Nazirliyinin nümayəndəsi Elnarə Quliyeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi Tofiq Əzizov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayənsədi Anar Məcidzadə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayənədəsi Cahangir Atakişiyev, “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti Sərraf Oruc əhalinin həssas sosial qruplarına aid olan vətəndaşların sosial problemlərinin həlli yolunda həyata keçirilən bu layihənin vacibliyindən danışdılar və layihənin icraçılarına uğurlar arzuladılar. Həmçinin lazim gələrsə, ictimai birliyin bu sahədə gördüyü işlərə təmsil etdikləri dövlət təşkilatları tərəfindən dəstək göstəriləcəyini də bildirdilər.

İctimai Birliyin İdarə Heyəti üzvü, tibb xidməti polkovniki İlham Sadıqzadə laynız layihə ərzində deyil, eləcə də layihədən kənar vaxtlarda da İctimai Birliyin əhalinin həssas sosial qruplarına aid olan vətəndaşlara göstərdiyi tibbi, hüquqi və psixoloji köməkliklərdən danışdı.

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyin İdarə Heyəti üzvü Məlahət Abdullayeva öz çıxışında layihənin sonunda həmin kateqoriyalı insanların həyata adaptasiyası və reabilitasiyası ilə bağlı əlavə təkliflərin hazırlanaraq aidiyyəti dövlət qurumlarına təqdim ediləcəyini bildirdi.

Tədbirdə digər təşkilatların, QHT, KİV, ictimaiyyət nümayəndələri də iştirak edirdilər.