“Beynəlxalq Əlillər Cəmiyyəti” İB İdarə Heyətinin fəal üzvü, yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, “Qızıl qələm”, “Vətən”, “Yaddaş”mükafatları laureatı, Türk ədəbiyyatına xidmət ödüllü, BMT-nin Avropa ordenli, 1-ci qrup əlil Məmmədli Rasim Qulu oğlu (Rasim Gənzəli) 12 avqust 2018-ci il tarixində qəflətən dünyasını dəyişdi.

Bu barədə sosialxəbər.az-a “Beynəlxalq Əlillər Cəmiyyəti” İB –nin sədri Tahir Xudiyev məlumat verib. Onun sözlərinə görə Naxçıvan Dövlət Universitetinin məzunu olan Rasim Gənzəli 13 kitab müəllifi idi, dövrü mətbuatda 600-dən çox məqalə və publisistik yazıları dərc edilmişdi. Azərbaycan dilimizin təmizliyi uğrunda mübarizə aparanlardan biri idi.

Yaxın dostumuz, haqq sözünü deməkdən çəkinməyən, vətənpərvər, sədaqətli, təəssübkeş, böyük ürəyə malik səmimi insan Rasim müəllimin vəfatı bizi çox sarsıtdı.

“Beynəlxalq Əlillər Cəmiyyəti”nin sədri Tahir Xudiyev və İdarə Heyəti, eləcə də “Əlillər Dünyası” qəzetinin kollektivi dərin kədər hissi ilə Rasim müəllimin qardaşları Hacı Müzəffər, Valeh, Cəmil, Hacı Rahim, Oqtay, Vasifə və bacısı Tamella xanıma, eləcə də həyat yoldaşı, sözün həqiqi mənasında ömrünü Rasim müəllimə həsr edən fədakar insan, şairə Kamilə Dönməzə başsağlığı verir.

Allah sənə rəhmət eləsin, Rasim müəllim!

P.S. Rasim Gənzəlinin 3 mərasimi 14 avqust tarixində Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, ev 14-ün həyətindəki xeyir-şər evində keçiriləcək (Qazaxıstan səfirliyi ilə Xətai Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin arasında yerləşən yeni tikili bina).