Son günlər ölkədə qadın zorakılığının artması, qadına şiddətin hətta ölümlə nəticələnməsi cəmiyyətin müxtəlif nümayəndələri tərəfindən böyük narahatlıqla qarşılanıb.

Sosialxəbər.az bildirir ki, Mövzu ilə bağlı Kult.az-a danışan xalq artisti Faiq Ağayev bildirib ki, qadınlara zorakılıq, şiddət halları illərdir davam edən məsələdir:

“Mənim ailədaxili zorakılığa münasibətim birmənalı olaraq mənfidir. Bu hal qəbuledilməzdir. Mən dəfələrə qadın zorakılığına qarşı çıxmışam, bunu pisləmişəm. Düşünürəm ki, hər kəs qadınlara qarşı vəhşiliyə səsini çıxarmalı və mübarizə aparmalıdır”.

Müğənni Nadir Qafarzadə də qadınlara şiddətin cəmiyyət tərəfindən pislənilməsinin vacib olduğunu deyib:

“Ümumiyyətlə, hər kəs zorakılıq hallarına qarşı birlik göstərməlidir. Təkcə qadınlara deyil, həmçinin uşaqlara qarşı da zorakılıq, təcavüz hallarına səssiz qalmamalıyıq.

İllər əvvəl mən həyat yoldaşıma konsert həsr etdim. Əslində, o konsert təkcə öz həyat yoldaşım üçün deyildi, onun simasında bütün xanımlarmıza həsr edilmişdi. Mən orada onu göstərməyə çalışırdım ki, xanımlara diqqət göstərmək, dəyər vermək lazımdır.

Çox təəssüf ki, bəzin “kişilər” qadınların saflığından istifadə edib, şirin sözlərlə aldadıb ailə qururlar. Daha sonra isə içlərində olan vəhşiliyi üzə çıxararaq, qadınları döyüb, alçaldıb, lazımsız bir əşya kimi küçəyə atırlar. Düşünürəm ki, ictimaiyyət, xüsusilə biz sənət adamları belə hadisələrə sərt şəkildə reaksiya verməliyik”.

Gənc müğənni Mehin Hümbətova hətta “edam” məsələsini gündəmə gətirib:

“Ard-arda bir neçə qadın vəhşicəsinə şiddətə məruz qaldı. Kimisi övladının gözü önündə, kimisi gənc yaşında. Mən bunu törədənləri “qanıxarab”, “erməniyəbənzər” adlandırıram. Bəli, onlar soyqırımlarımızda ermənilərin etdiyindən betərini edirlər! Sivil dövlət olmağımıza baxmayaraq, bu cinayətin cəzası yalnız və yalnız edam olmalıdır”.