Fond mexanizmin fəaliyyətini təmin etmək üçün bir sıra məsələləri həll etməlidir ki, bunlara əsasən müraciətlərə baxılması, aylıq ödənişlərin hesablanması və ödənilməsi, kirayəyə veriləcək yaşayış sahələrinə, habelə kirayəçilərə dair tələblərin müəyyən edilməsi kimi zəruri prosedurların hazırlanması və təsdiqi, habelə şəffaflığı təmin etmək və müraciətlərin qəbulu üçün şəraitin yaradılması və prosesin avtomatlaşdırılmasını aid etmək olar. Fond tərəfindən işlər sürətləndirildiyi üçün mümkün qısa vaxtda vətəndaşlar mexanizmin imkanlarından faydalana biləcəklər. Bu barədə Fond ictimaiyyətə əlavə məlumat verəcək.

Sosialxəbər.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun Mətbuat xidmətindən Trend-ə geniş müsahibədə bildirilib.

Fonddan qeyd edilib ki, satmaq öhdəliyi ilə kirayənin ipoteka kreditləşdirməsindən əsas fərqlərindən biri yaşayış sahəsinin Fondun mülkiyyətində olması və ödəniş tam başa çatdıqdan sonra kirayəçinin mülkiyyətinə verilməsidir.

“İpoteka kreditləşməsi mexanizmində Fondun vəsaiti hesabına alınmış yaşayış sahəsi borclunun mülkiyyətinə əvvəlcədən verildiyi və yalnız ipoteka ilə təmin edildiyi üçün yaş məhdudiyyəti, gəlirlərin təsdiqi və ilkin ödənişlə bağlı ciddi tələblər mövcuddur. Satmaq öhdəliyi ilə kirayə mexnizmində isə yaşayış sahəsi ödəniş tam başa çatana kimi Fondun mülkiyyətində saxlanıldığı üçün kirayəçilərin əmək stajının, gəlirlərinin və s. təsdiq edilməsi nəzərdə tutulmur. Məhz bununla əlaqədar olaraq, satmaq öhdəliyi ilə kirayədə vətəndaşın qabaqcadan ödəniş yükü daha aşağıdır. Kirayəçi onunla müqavilə bağlanıldıqdan sonra aylıq ödəniş məbləğinin 12 misli miqdarında pul vəsaitini Fondun hesabına köçürməlidir. Sonra isə aylıq əsasda ödənişlərin aparılması təmin edilir. Bundan başqa, bu mexanizmdə yaşayış sahələri tam təmirli və sığortalı şəkildə vətəndaşlara təqdim olunur:

“Qaydalara əsasən satmaq öhdəliyi ilə kirayəyə 2013-cü ildən sonra inşa edilmiş, tikintisi başa çatdırılmış, tam təmirli, qaz, su və elektrik enerjisi ilə təchiz edilmiş mənzillər və yaşayış evlərinin verilməsi nəzərdə tutulub. Sözsüz ki, əhalinin maraqları nəzərə alınmaqla yaşayış sahələrinin müxtəlif zonalarda və müxtəlif tipli binalarda seçilməsi təmin ediləcək”.

Fonddan bildirilib ki, tələblərə əsasən, yaşayış sahələri banka və ya digər təşkilata vaxtı keçmiş borcu olmayan və vətəndaş qüsursuzluğuna malik şəxslərə veriləcək. Bundan başqa, qaydalarda Fonda kirayəçilər üçün əlavə tələblər də müəyyən etmək səlahiyyəti verilib.

Yaşayış sahələrinin yerləşdiyi ünvanı, binanı, mərtəbəni, sahəsini, otaqların sayını Fond müəyyən edir və alış qiyməti və aylıq ödənişlərin təxmini qiyməti də göstərilməklə elektron sistem vasitəsilə əhaliyə təklif edir. Bu zaman əhaliyə tələbatına uyğun yaşayış sahəsini seçərək elektron sistem vasitəsilə kirayə üçün müraciət etmək hüququ verilir.

Yaş məhdudiyyəti isə yoxdur. Qaydalara görə, kirayəçi kirayə müqaviləsi üzrə hüquqlarını üçüncü şəxsə ötürə, habelə kirayəçi vəfat etdikdə onun satmaq öhdəliyi ilə kirayə müqaviləsi üzrə hüquqlarının vərəsələrə ötürülməsinə yol verir:

“Kirayəçi kirayə müqaviləsinin bağlanmasından yalnız 3 il keçdikdən sonra alış qiymətini vaxtından əvvəl tam ödəyə bilər. Əgər kirayəçi alış qiymətini vaxtından əvvəl tam və ya qismən ödəyəcəksə, Fond tərəfindən kirayəçiyə alış qiymətinin məbləğinə güzəşt tətbiq ediləcək. Kirayəçi güzəştlərin tətbiq edilməsi qaydası ilə kirayə müqaviləsində tanış ola biləcək”.

Qiymətlərə gəlincə, alış qiyməti və aylıq ödənişlər yaşayış sahəsinin yerləşməsi və sahəsindən asılı olaraq dəyişəcək:

“Qaydalarda vətəndaşlara kirayə üçün müraciət etmədən öncə bu məlumatlarla elektron sistemdə tanış olmaq imkanı veriləcək. Vətəndaşlar bu məlumatlarla tanış olduqdan sonra istənilən evin seçilməsini azad şəkildə həyata keçirmələri təmin ediləcək”.