Əsrin əvvəllərində eşitməm qənaətbəxş olanda, müxtəlif əlil təşkilatlarının tədbirlərinin iştirakçısı olmuşam. O zamanlar ekran və efir əlilliyi olan şəxslərin sağlam cəmiyyətə inteqrasiyasından, bərabər imkanlardan və intim həyat məsələlərindən çox bəhs edərdi, bizlərə açıq söz demək imkanı yaradardı.

Bu gün sosial sahədə islahatların yeni mərhələsində, həll olunmamış problemlərimizə yenidən baxmalı, hansı həyat tərzini seçmək barədə qərar verməliyik.
Hələ 90-cı illərin sonunda Əlillərin Əmək və istirahət evinə qəbul dayandırılmışdı. Ora düşmək üçün yetərli-tutarlı səbəb lazım idi, milli mentalitetimizə yaraşmayan addıma qədər – ailə daxili işlər orqanlarında münaqişəli ailələr siyahısına alınmalı və s.
Digər tərəfdən, əlilliyi olan şəxslər arasında yekdil fikir yox idi. Kimi əlil evlərinin və məktəblərinin bağlanması tərəfdarı olaraq şəhərin bütün çoxmərtəbəli binalarını bizlər üçün uyğunlaşdırmaq istəyirdi, kimi valideynləri ilə yaşamağa üstünlük verirdi, kimi kirayə qalmağı seçir, lakin maddi imkansızlıqdan şikayətlənirdi.

Bu gün pensiya və müavinətlərın artması az da olsa müstəqilliyimiz barədə arzularımızı gerçəkləşməsinə yol açır.
1-ci qrup əlillərə qulluq üçün əlli manat. Yaxın qohumlarla qalmaq istəyənlər üçün bu vəsait olduqca azdır. İstər-istəməz ailə üzvləri bir-birinin hüquqlarını pozmuş olur. Ölkədə minimum əməkhaqqının üçdə birindən də az məbləğə bacı və qardaş xəstə qohumuna kifayət qədər diqqət yetirməyəcəklər, çünki öz ailələrini dolandırmaq üçün başqa yerdə işləyib pul qazanacaqlar. Ata və ana başqa məsələ. Amma nəzərə almalıyıq ki, valideynlər günü-gündən yaşa dolur və bir nəsil cavan övladlarının maraq ehtiyacını təmin edə bilmirlər.
Yaxın qohumlarla yaşayan əlillər, xüsusən qadınlar, cinsi həyatdan məhrum olmağa məhkumdur. Subyektiv fikir yürütsəm də, qətiyyətlə deyirəm: “heç bir sağlam oğlanı ya da boşanmış birini fiziki məhdud qızla evlənməyə məcbur etmək olmaz.

Yaxınlarla yaşamağın üstünlüyü dükan-bazara getməkdən, kommunal problemlərdən azad olmaqdadır. Bu məsələlər, təbii ki, sağlam ailə üzvlərinin üstünə düşür.
Qulluq haqqı və kütləvi məskunlaşma.
Əgər əngəllilər yataqxanada, əmək və istirahət evində yaşayırsa, on nəfərin qulluq pulu bir işçinin əməlli-başlı məvacibidir. Otağın təmizlənməsi, qəndin və çörəyin dərdini çəkməmək olar. Kompakt yaşayış yerində istedad və bacarığın inkişafı da asanlaşır.
Kirayə qalmaq xoşbəxtliyi hələ bir çoxumuzun gəlirləri xaricindədir. Şəxsən özüm maaş və pensiyamın bir hissəsini ev tutmaq ya da ipoteka krediti almağa ayıra bilmirəm. Buna səbəb məni aparıb gətirən bələdçiyə də ehtiyacım var.
Ayrı yaşayan əlil xanım ərə gedə bilməsə də evli, ya da subay kişi ilə vətəndaş nikahında dostlaşa bilər. Dostlaşma faktları Azərbaycan əngəlliləri arasında az da olsa, mövcuddur, şəxsən özümə və ziyalı rəfiqələrimə belə təkliflər dəfələrlə olub.
Doğmalardan ayrılmaq arzusu təkcə seksual istəkdən yaranmır. Müşahidəmə görə, insanın intellekt və savadı artdıqca, kiçik xoşbəxtlik istəyi də artır. Evdə bir mətbəx var, amma səninlə ananın zövq və imkanları şaxələnir. Ananın işlətdiyi köhnə avadanlıq sənin üçün rahat deyil. Sobada vermişel firnisi qaynayır, sənin xətrindən qarabaşaq keçir. Sən səhər erkən oyanırsan, bacın saat 11-ə qədər yatır. Qardaşın tar çalanda, sən romantik piano əsəri dinləmək istəyirsən və s.
Hansı işlər görülməli? Ölkəmizdə sosial islahatlar davam edir. Yaxşı olardı ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sosial Araşdırmalar Mərkəzi, Heydər Əliyev Fondu və aidiyyatlı əngəllilər İB-ləri əlilliyi olan şəxslər arasında sorğular keçirsin, kimin hansı həyat tərzi sürmək arzusuna müvafiq qərarlar qəbul etsin.
Qohumları ilə qalmaq istəyənlər üçün evdə və həyətdə müvafiq şərait yaradılmalıdır, onların otaqları ayrılmalıdır. Müstəqil yaşamaq istəyənlərə cəmiyyət normal münasibət bəsləməlidir, onların bu arzusu məsxərəyə qoyulmamalıdır və qanun çərçivəsində cəzanlandırılmalıdır.
Əngəllilər üçün Sovet dövründəki yataqxanalardan fərqli yeni yataqxanalar tikilməlidir. Fikrimcə, ən münasib variant 30-32 kvadrat metrlik bir otaqlı mənzillərdən ibarət 12 mərtəbəli binalardır. Bu binalara yaxın ərazidə iş yerləri açılmalıdır. Yataqxana sakinləri, öz növbəsində dərk eləməlidir ki, beş-altı ildən sonra yaşayış yerini yeni mənzil almaqla dəyişmək lazımdır. Çünki müvəqqəti yataqxananın binasının yeni nəsil potensial sakinlərinin də sərbəst yaşamağa haqqı var.

Qeyd : Müəllif haqqında qısa məlumat. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Yazıçılar Birliyinin üzvü, Beynəlxalq Əqli Mülkiyyət Təşkilatının kavaleri. I qrup gözdən əlil, hazırda ağır eşitmə problemindən əziyyət çəkir.

Mətanət Tağıyeva