Məişət zorakılığı insan alveri qurbanlarının sayını artırır
Günümüzün ən aktual problemlərindən biri də gender bərabərsizliyindən qaynaqlanan məişət zorakılığıdır.

Daha dəqiq ifadə etsək, məişət zorakılığı gender bərabərsizliyindən qaynaqlanan problemlərdən biridir və bu, özü-özlüyündə digər neqativ halların yaranmasına zəmin yaradır. Əksər ailələrdə bu problem özünü müəyyən formada biruzə verir.

Bu, fiziki, cinsi şiddət, psixoloji təzyiq və təcrid edilmə kimi formalarda müşahidə olunur. Məişət zorakılığının yol açdığı başlıca problem isə zorakılığa məruz qalanların bir çox hallarda insan alverinin qurbanlarına çevrilməsidir. İnsan alverinin qurbanları ilə bağlı məsələ də cəmiyyətin ən ağrılı problemlərindən biridir.
Məişət zorakılığı və ya ailədaxili şiddətə adətən arvad döymək, qadına qarşı şiddət, ailə üzvlərinin döyülməsi, ər-arvad arasında baş verən dava kimi adlar verilir. Lakin məişət zorakılığının hüquqi və kliniki tərifləri mövcuddur. Məişət zorakılığının hüquqi tərifi məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanunda göstərilmişdir.
Bu qanuna əsasən məişət zorakılığı “yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, bu qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurmasıdır” (1058-IIIQ). Kliniki tərifə gəldikdə isə məişət zorakılığı yeniyetmələr, gənclər və böyüklərin öz intim partnyorlarına qarşı törətdikləri fiziki şiddət, cinsi zorakılıq, psixoloji basqı, iqtisadi asılılıq və ya məhrumetmə kimi aşağılayıcı və zorakı davranışların törədilməsi ardıcıllığıdır (Schechter və Ganley 1995).

Məişət zorakılığının qarşının alınması üçün aparılan işlərə, görülən tədbirlərə baxmayaraq, təəssüf ki, bu da problem aktuallığını qoruyur. Son zamanlar isə məişət zorakılığı halları ilə bağlı cinayətlərin sayında artım müşahidə edilir. Ailədə qadınlara qarşı zorakılıq səbəbindən ölüm hallarının sayının çoxalması daha çox narahatçılıq yaradır. Demək olar ki, mütəmadi olaraq mətbuatda ailədaxili münaqişələr, yaxud məişət zorakılığı ilə bağlı ölüm hadisələri, intiharlar barədə həyacan doğuran məlumatlar yayır. Ailə-məişət zorakılığı ilə bağlı məlumatlar diqqət çəkən kriminal xəbərlərin əksəriyyətini təşkil edir.

Eyni zamanda, boşanmaların sayında da yüksək artım müşahidə olunur ki, bunun da əsas səbəblərindən biri kimi, məhz məişət zorakılığı halları göstərilir. Rəsmi rəqəmlərə görə hazırda nigaha daxil olmaqla boşanmaların nisbəti 4-ün 1-ə nisbətindədir. Yəni hər il rəsmi nigaha daxil olan hər 4 nəfərdən 1-i boşanır. Ekspertlər hesab edir ki, boşanmaların da kökündə əsasən məişət zorakılığı dayanır.

Beynəlxalq müstəvidə də bu problemlər mübarizə aparılır və bununla bağlı “İstanbul Konvensiyası” adlı sənəd də qəbul edilib. İstanbul Konvensiyası kimi tanınan sənədin tam adı “Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyası”dır. (CETS No. 210) Bu sənəd Avropa Şurası Parlament Assembleyasında qəbul edilməklə 2011-ci il mayın 26-da Türkiyənin İstanbul şəhərində imzaya açıq elan olunub. Qeyd edək ki, Azərbaycanın həmin konvensiyanı ratifikasiya etməsi gündəmdədir. Yaxın zamanlarda Azərbaycanın da İstanbul Konvensiyasına qoşulacağı gözlənilir.
Məişət zorakılığı özlüyündə geniş anlayışdır və bu problemə düçar olanlar insan alverinin potensial qurbanı hesab olunur. Ailədə zorakılığa məruz qalan şəxs aldadılmağa hazır psixologiyaya sahib olur və bu da insan alverçilərinin əsas qurbanları sayılır.

Yazı “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Sumqayıt şəhəri və yaxın bölgələrdə insan alverinə qarşı əhalinin maarifləndirilməsi, insan alverinin qurbanları və potensial qurbanlara sosial xidmətlərin təşkili” layihəsi çərçivəsində çap olunur.