Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu ilə bağlı çox xoş xatirələr qalıb. Həyatımın 15 ili institutla bağlıdır. Təhsil, aspirantura, iş, çoxlu dostlar, tanışlar və əlbəttə ki, mənim üçün həm yetkinləşmə, həm də biliklərə yiyələnmək cəhətdən çox vacib olub. Buna görə də mən rəhbərliklə daim əlaqə saxlayıram.

Sosialxəbər.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Rusiyanın “Birinci kanal”ına müsahibəsində məzunu olduğu Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu ilə bağlı sualı cavablandırarkən deyib.

Prezident bildirib ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının bir neçə il əvvəl Bakıda keçirilən ilk forumunun təşəbbüskarıdır:

“İndi bu forum artıq daimi fəaliyyət göstərən tədbirə çevrilib. Mən institutun 60 illiyinə həsr olunmuş təntənəli tədbirlərdə iştirak etmişəm, eləcə də 75 illiyi ərəfəsində bütün dostlarımı, kurs yoldaşlarımı, müəllimlərimi bu şanlı yubiley münasibətilə təbrik edirəm”.

Prezident qeyd edib ki, bu institut həyatında çox mühüm rol oynayıb:

“Çünki orada aldığım biliklər gələcək işimdə həqiqətən mənə çox kömək edib. Mən institutdan getdikdən sonra, müəyyən mənada, peşəmə uyğun olmayan işlə məşğul olurdum. Amma Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda qazandığım biliklər, vərdişlər, o cümlədən xarici dilləri bilməyim artıq Prezident kimi mənə çox gərəkli oldu”.