Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov “London 2019” para üzgüçülük üzrə dünya çempionatında gümüş və bürünc medallar qazanaraq “Tokio 2020” paralimpiya oyunlarına lisenziya əldə etmiş Roman Saleh və Üzgüçülük üzrə paralimpiya yığma komandasının baş məşqçisi Alavərdi Culfayevi qəbul edib.

Bu barədə Sosialxəbər.az-a Milli Paralimpiya Komitəsindən bildirilib. Baş məşqçi A.Culfayev “London 2019” yarışı barədə komitə prezidentinə məlumat verib. O yarışların çətin mübarizə şəraitində keçdiyini qeyd edib. “Tokio 2020” paralimpiya oyunlarına qədər komandanın digər üzvləri tərəfindən də lisenziyalar qazanmağın mümkün olduğunu qeyd edib.

Paralimpiyaçı Roman Saleh də öz növbəsində yarışların çətin olduğunu deyib və əlavə edib ki, buna baxmayaraq qarşıda qoyulan əsas hədəfə – “Tokio 2020” paralimpiya oyunlarına lisenziya qazanmağı bacarıb. İdmançı söz verib ki, paralimpiya oyunlarında ölkəmizi layiqincə təmsil edəcək.

Komitə prezidenti İlqar Rəhimov idmançıya və onun baş məşqçisinə yeni uğurlar arzu edib. Qeyd edib ki, “Tokio 2020” paralimpiya oyunlarında üzgüçülük komandasına olan ümidlər böyükdür. Bu komandadan yalnız yüksək nailiyyətlər gözlənilir