Bu gün Lənkəran şəhərindəki 7 nömrəli tam orta məktəbdə bu təhsil ocağının məzunu olmuş Silahlı Qüvvələrimizin şəhid zabiti Qalib Zülfüqarlının doğum günü ilə əlaqədar xatirəsi anılıb.

Tədbirdə rayonun icra strukturlarının nümayəndələri, hərbi qulluqçular, Qarabağ müharibəsi veteranları, məktəbin şagird və müəllimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən məktəbin direktoru Ülviyyə Əliyeva şəhid zabitin qısa, lakin mənalı ömür yolundan danışıb. Qeyd olunub ki, Qalib Layim oğlu Zülfüqarlı 1992-ci il dekabrın 20-də Lənkəran şəhərində anadan olub. Şəhər 7 nömrəli tam orta məktəbi bitirdikdən sonra 2010-cu ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olunub. O, 2014-cü ildə leytenant rütbəsi ilə cəbhənin ön sıralarında hərbi xidmətini davam etdirib. İgid zabit 2015-ci il martın 27-də Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu ərazisində düşmən təxribatının qarşısını alarkən şəhid olub.

Diqqətə çatdırılıb ki, Qalib Zülfüqarlı ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif edilib.

Lənkəran Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov, Milli Qəhrəman Əsgər Əliyevin atası Ələkbər Əliyev, Lənkəran Şəhər Təhsil Şöbəsinin nümayəndəsi Cəmil Axundzadə, Qarabağ Müharibəsi Əlilləri və Veteranları Cəmiyyətinin sədri Əbülfət Əliyev, müəllim Amil Qurbanov və başqaları Vətən torpaqları uğrunda şəhid olmuş Qalib Zülfüqarlının daim xatirələrdə yaşayacağını, onun qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu bildiriblər.