Milli Paralimpiya Komitəsində (MPK) Gənclər və İdman Nazirliyinin dəstəyi ilə seminar keçirilib.

Bu barədə Sosialxəbər.az-a Milli Paralimpiya Komitəsindən bildirilib. Respublikanın şəhər və rayonlarına fəaliyyət göstərən Gənclər və İdman idarələrinin, Uşaq Gənclər İdman məktəblərinin və eyni zamanda Olimpiya Komplekslərinin nümayəndələri üçün təşkil olunan seminar regionlarda paralimpiya hərəkatının daha da inkişaf etdirilməsi və əhatə dairəsinin genişləndirilməsi məqsədi daşıyıb.

Tədbiri açan MPK-nın birinci vitse-prezidenti Natiq Qasımov Azərbaycanda paralimpiya hərəkatı və bu sahəyə göstərilən dövlət qayğısı haqqında geniş məlumat verib. O, qeyd edib ki, ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti Cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində, bu gün respublikamızda paralimpiya hərəkatı sürətlə inkişaf edir. İdman növləri və paralimpiyaçıların sayı gün-gündən artır. Paralimpiyaçılarımız nüfuzlu beynəlxalq yarışlarda yüksək nəticələr göstərirlər. Beynəlxalq təcrübədə ilk dəfə olaraq 2013-cü ildə Milli Paralimpiya Komitəsinin nəzdində ehtiyat idmançıların hazırlanması məqsədi ilə Uşaq Paralimpiya Komitəsi yaradılıb və hazırda bu hərəkat sürətlə inkişaf etməkdədir.

“Regionlarda paralimpiya hərəkatının daha da inkişaf etdirilməsi, əhatə dairəsinin genişləndirilməsi və ehtiyat idmançıların hazırlanması məqsədi ilə tərəfimizdən müvafiq seleksiya işləri aparılır. Nəticə olaraq Gəncə şəhərində və Ağcabədi rayonunda Milli Paralimpiya Komitəsinin regional bölmələri yaradılıb. Paralimpiya dəyərlərinin və fəlsəfəsinin cəmiyyət arasında təbliğ edilməsi və fiziki məhdudiyyətli şəxslərin müəyyən edilərək paralimpiya hərəkatına cəlb edilməsi sahəsində işləri davam etdiririk. Məqsədimiz, seminar iştirakçılarına paralimpiya haqqında geniş məlumat verərək, onları təlimatlandırmaq, gələcəkdə bu sahədə birgə fəaliyyət göstərməkdir”, – deyə Natiq Qasımov əlavə edib.

O, ümidvar olduğunu bildirib ki, bu seminar bölgələrdə paralimpiya hərəkatının inkişafına mühüm töhfələr verəcək. N.Qasımov seminarın keçirilməsinə verdiyi dəstəyə görə Gənclər və İdman Nazirliyinin rəhbərliyinə Komitə adından təşəkkürünü bildirib.

Daha sonra Milli Paralimpiya Komitəsinin Baş katibi Kamal Məmmədov geniş təqdimatla çıxış edib. 1996-ci ildə ilk dəfə olaraq Atlanta Paralimpiya Oyunlarında 2 idmançı ilə təmsil olunduğumuzu qeyd edən Kamal Məmmədov əlavə edib ki, sonrakı oyunlarda idman növləri üzrə iştirak və medal sayı daha da artıb.

“Gələn ilk keçiriləcək “Tokio 2020″ VI Yay Paralimpiya Oyunlarında 30-dan çox idmançı ilə təmsil olunmağı proqnozlaşdırırıq”, – o əlavə edib.

K.Məmmədov əlilliyi olan insanlarla etik danışıq və davranış qaydaları, idman növləri üzrə tibbi təsnifat, əlillərin reabilitasiyası və onların asudə vaxtlarının təşkili ilə məşğul olan QHT-lərlə birgə fəaliyyət, yerlərdə fəaliyyət göstərən idman komplekslərinin mütəxəssisləri üçün seminarların keçirilməsi sahəsində görülməsi vacib olan məsələlər və birgə fəaliyyət haqqında söz açıb.

Cüdo idman növü üzrə kişilərdən ibarət Paralimpiya Milli Komandasının baş məşqçisi İbrahim İbrahimov, üzgüçülük idman növü üzrə Paralimpiya Milli Komandasının baş məşqçisi Alavərdi Culfayev və kamandan oxatma idman növü üzrə Paralimpiya Milli Komandasının baş məşqçisi İlqar Abbasov seminar iştirakçılarına öz idman növləri haqqında ətraflı məlumat veriblər.

Sonra, təqdimatlar üzrə geniş müzakirələr aparılıb.

Qeyd edək ki, bu mövzuda ilk dəfə keçirilən seminarda 33 səhər və rayondan 39 nümayəndə iştirak edib.