Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov 13-14 may tarixlərində “Ruhun zəfəri” şüarı altında Bakıda keçiriləcək Para Cüdo idman növü üzrə beynəlxalq Qran-Pri yarışına dəstək verəcək “Bir Könüllü” təşkilatının üzvləri ilə görüşüb. Bu barədə Sosialxəbər.az-a Paralimpiya Komitəsinidən bildirilib. Tədbirdə əlilliyi olan könüllülər, Qarabağ Qaziləri və Təhsil Nazirliyinin “Bir könüllü” proqramının üzvləri iştirak ediblər.

Görüş Azərbaycan Milli Olimpiya Komitəsinin ofisində baş tutub.

Tədbiri açan İlqar Rəhimov Milli Paralimpiya Komitəsinin tarixi haqda məlumat verib. O bildirib ki, 1996-cı ildə yaradılan təşkilat bu illər ərzində uzun yol qət edib. Ölkəmizdə paralimpiya hərəkatı və sürətli inkişafı, uşaq paralimpiya hərəkatı, ölkə başçısı cənab İlham Əliyevin bu hərəkata və paralimpiyaçılara göstərdiyi diqqət və qayğı haqqında geniş məlumat verən İlqar Rəhimov bildirib ki, hazırda bizim 7 paralimpiya çempionumuz var. Onlardan ikisi isə ikiqat paralimpiya çempionudur.
Komitə prezidenti bir daha xatırladıb ki, 13-14 may tarixlərində ilk dəfə olaraq paytaxtımız “Ruhun zəfəri” şüarı altında Para Cüdo idman növü üzrə beynəlxalq Qran-Pri yarışına ev sahibliyi edir. “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandıran bu yarışda 36 ölkədən 345 iştirakçı iştirak edəcək.

Onun sözlərinə görə, Para Cüdo üzrə Bakı Qran-Prisi əlillərin idman yarışı olduğu üçün, təşkilati işlərə fiziki məhdudiyyəti olan insanlar da cəlb olunub. Bu tədbirin tamamilə inklüziv olması üçün tədbirlər görülür.

“Yarışın keçirilməsində əlilliyi olan könüllülər də yaxından iştirak edəcək. Bundan əlavə, yarış keçirilən günlərdə Heydər Əliyev İdman Arenasında fiziki məhdudiyyətli şəxslərin əl işlərindən ibarət sərgi-satış yarmarkası da baş tutacaq. Bu yarışın təşkil olunmasında tələbə könüllülərin zəhməti də yüksək qiymətləndirilməlidir”, – deyə o əlavə edib.

Komitə prezidenti yarışa hazırlıq mərhələsində görülən işlərdən də söz açıb. Onun sözlərinə görə, bu günə Bakı Qran-Prisinə həsr olunmuş plakat müsabiqəsi keçirilib. Əlil idmanının təşviqinə həsr olunmuş müsabiqənin qaliblərinə pul mükafatları verilib.

Bu yaxınlarda cüdo yarışına həsr olunmuş “Paint Ball” yarışı da keçirilib. Yarışda Paralimpiya Komitəsi, ASAN Radio, “Bir könüllü” proqramı və Qarabağ Qazilərindən ibarət komandalar yarışıblar. Qarabağ qaziləri bu yarışda qalib gəliblər.

“Bu yarış öz möhtəşəmliyi və fərqliliyi ilə seçilməkdədir. Olimpiyaçıların Cüdo üzrə Böyük Dəbilqə turniri və Para cüdonun Qran Pri yarışı ardıcıl olaraq keçiriləcəkdir. Bu çox önəmli bir hadisədir və inkluziv idmana verilən dəstəkdir. Bildiyimiz kimi, olimpiyaçı və paralimpiyaçı idmançılarımızın yarışlarda paralel çıxışı ilk dəfə Bakıda keçirilən “Bakı 2015” I Avropa Oyunlarında və sonradan “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında baş tutmuşdur. Şübhəsiz ki, bu Oyunlar əlil idmanının beynəlxalq və milli səviyyədə təşviqinə misilsiz tövhə verib. Belə humanist qərarları qəbul etdikləri üçün ölkə başçısı cənab İlham Əliyevə və hər iki Oyunların təşkilat Komitəsinin sədri, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz təşəkkürümüzü bildiririk”, – deyə o əlavə edib.

İlqar Rəhimov yarışın keçirilməsində göstərdiyi dəstəyə görə Benəlxalq Cüdo Federasiyasına, Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasına və Azərbaycan Cüdo Federasiyasına minnətdarlığını bildirib.

Sonda İ.Rəhimov qeyd edib ki, ölkəmizdə Könüllülər institu əsasən 2015-ci ildə I Avropa Oyunları ərəfəsində yaradılıb və hazırda geniş vüsət alıb. Bu gün biz bunun bariz nümünəsini görürük.

O, keçiriləcək tədbirə verdikləri dəstəyə görə “Bir könüllü” proqramının rəhbərliyinə və hər bir üzvünə öz təşəkkürünü bildirərək, onlara uğurlar arzulayıb.

Daha sonra MPK-nın baş katibi Kamal Məmmədov çıxış edib. O, tələbə könüllülərə yarış barədə daha ətraflı məlumat verib. Onun sözlərinə görə, yarışlara dəstək olacaq könüllülər üçün xüsusi köynəklər hazırlanıb. O, könüllülər üçün akkreditasiyaların da hazır olduğunu qeyd edib və bir neçə günə təqdim olunacağını bildirib.

Daha sonra “Bir könüllü” proqramının meneceri Canoğlan İlyasov çıxış edib. O qeyd edib ki, Təhsil Nazirliyinin “Bir könüllü” proqramı ölkəmizdə keçirilən mötəbər tədbirlərə daim olduğunu vurğulayıb.