Missing kidnapped, abused, hostage, victim woman with hands tied up with rope in emotional stress and pain, afraid, restricted, trapped, call for help, struggle, terrified, locked in a cage cell.

İnsan alveri bir çox dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən ciddi transmilli təhdidlərdən biri kimi qəbul edilir. Bu gün dünyada 27 milyon nəfər insan alverinin qurbanı kimi qul vəziyyətində yaşayır. Dünyada insan alveri öz miqyasına görə silah və narkotik alverindən sonra üçüncü geniş və ən çox gəlir gətirən sahə hesab olunur.

Təəssüf ki, ölkəmizdə də bu problem aktualdır. İnsan alveri geniş anlayış olduğu üçün bura bir çox kateqoriyalar daxildir. Ailə mühiti, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən uşaqlar da bu problemin qurbanları sırasında yer alır. Ötən ilin statistik rəqəmlərinə nəzər salsaq, probleminin ciddiliyini açıq şəkildə görmək mümkündür.

Qeyd edək ki, ötən il 144 insan alveri cinayəti qeydə alınıb, 28 nəfərdən ibarət 13 cinayətkar qrup zərərsizləşdirilib, axtarış elan olunmuş 51 təqsirləndirilən şəxsdən 66,6 faizi və ya 34-ü tutulub. İnsan alveri və məcburi əmək cinayətlərinə görə başlanılmış cinayət işlərindən 27-nin istintaqı tamamlanaraq 34 təqsirləndirilən şəxs (29-u qadın, 5-i kişi) məhkəmə məsuliyyətinə verilib, 23 insan alverçisi barədə ittihamedici hökmlər çıxarılıb: “Müəyyən edilən 98 insan alveri qurbanından (82 qadın və 16 kişi, hamısı Azərbaycan Respublikasının vətəndaşı) 71-i istismar məqsədilə Türkiyə Respublikası, 20-si Rusiya Federasiyası, 3-ü İran İslam Respublikasına aparılıb, 2-si isə Birləşmiş Ərəb Əmirliklərində, 1-i Malayziyada, 1-i isə Azərbaycanda istismara məruz qalıb.

Azərbaycanda insan alverinə qarşı preventiv tədbirlər görülür. Bu tədbirlər mövcud problemin aradan qaldırılması, zərəçəkənlərin sayının minimuma endirilməsi üçün nəzərədə tutulur ki, ölkədə rəsmi rəqəmlərə nəzər salsaq zərəçəkənlərin sayının azalması müsbət nəticələrdən xəbər verir. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş milli fəaliyyət planları əsasında 2004-cü ildən etibarən həyata keçirilən sistemli tədbirlər sayəsində həmin hüquqazidd əməllərin profilaktikasında və cinayət təqibi üzrə fəaliyyətdə müsbət nəticələr əldə edilib, bir çox vacib məsələlərin həllinə nail olunub.

Görülən tədbirlər əsas qayəsində duran məsələ isə insan alverinin qurbanı olan şəxslərin cəmiyyətə reinteqrasiyasının təmin olunmasıdır. Bu istiqamətdə də müsbət nəticələr mövcuddur. Bir faktı qeyd etmək yerinə düşər ki, nüfuzlu beynəlxalq qurumların hesabatlarında 2014-2018-ci illəri əhatə edən Milli Fəaliyyət Planının icrası üzrə görülmüş işlər təqdirəlayiq hesab olunub. Bu növ cinayətlərlə mübarizənin aidiyyəti dövlət orqanları və vətəndaş cəmiyyəti institutları ilə birgə sistemli şəkildə davam etdirilməsi məqsədilə 2019-2023-cü illəri əhatə edən sayca dördüncü yeni Milli Fəaliyyət Planının layihəsi hazırlanıb.

Müvafiq təşkilati-praktiki tədbirlər isə Baş Prokurorluq, Ombudsman aparatı, Təhsil, Ədliyyə, Səhiyyə, Xarici İşlər, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dövlət Gömrük Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Sərhəd və Dövlət Miqrasiya xidmətləri, qeyri-hökumət təşkilatları və yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı əməkdaşlıq və planlı surətdə davam etdirilir.

Yazı “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həlli Yardım” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Sumqayıt şəhəri və yaxın bölgələrdə insan alverinə qarşı əhalinin maarifləndirilməsi, insan alverinin qurbanları və potensial qurbanlara sosial xidmətlərin təşkili” layihəsi çərçivəsində çap olunur.