Bu gün Milli Paralimpiya Komitəsində “IBSA Judo Baku Grand Prix 2019” yarışları ilə bağlı mətbuat konfransı keçirilib. Tədbirdə MPK prezidenti İlqar Rəhimov, birinci vitse-prezident Natiq Qasımov, vitse-prezident və ikiqat paralimpiya çempionu İlham Zəkiyev, para cüdo idman növü üzrə kişilərdən ibarət milli komandanın baş məşqçisi İbrahim İbrahimov, qadınlardan ibarət komandanın baş məşqçisi, paralimpiya çempionu Ramin İbrahimov iştirak edib.

Sosialxəbər.az xəbər verir ki,tədbiri açan İlqar Rəhimov qarşıdan gələn yarışla bağlı məlumat verib. Onun sözlərinə görə, Bakıda ilk dəfə olaraq para cüdo üzrə beynəlxalq qran-pri yarışı keçirilir. Yarışda 36 ölkədən 231 nəfər idmançı iştirak edəcək. Yarışlara qatılacaq kişi idmançıların sayı 163, qadınların sayı isə 68-dir. Onları müşaiyət edəcək şəxslərin sayı isə 117 nəfər olacaq. Bu yarış “Tokio 2020” XVİ yay paralimpiya oyunlarına lisenziya xalları qazandıracaq.

Komitə prezidenti bildirib ki, yarışda 13 dəst medala görə idmançıları mübarizə aparacaqlar. Onlardan 7 dəst kişilərin yarışında, 6 dəst medal isə qadınların yarışında olacaq.

Yarışlarda birinci yeri tutan idmançılara veriləcək mükafatın məbləği 1000 ABŞ dolları olacaq. İkinci yerə 500, üçüncü yerin sahibinə isə 300 ABŞ dolları məbləğində mükafat veriləcək.

Komitə prezidenti yarışların keçirilməsinə dəstək göstərən təşkilatlar barədə də söz açıb. Onun sözlərinə görə, BP və SOCAR şirkətləri yarışın əsas tərəfdaşlarıdır. Bakcell və Toyota şirkətləri isə rəsmi dəstəkçilərdir.

Yarışların keçirilməsində dövlət qurumlarının da dəstəyinin olduğunu qeyd edən İlqar Rəhimov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliy və Gənclər və İdman Nazirliyinin dəstəyini xüsusi qeyd edib. Yarışın keçirilməsində Beynəlxalq Cüdo Federasiyası, Azərbaycan Cüdo Federasiyasının və Neftçi İdman Klubunun dəstəyindən söz açan komitə prezidenti qeyd edib ki, yarışlar İppon TV vasitəsi ilə İnternet üzərindən canlı yayımlanacaq. Onun sözlərinə görə, yarışların final blokları İctimai TV-də də canlı yayımlanacaq.

Daha sonra “IBSA Judo Baku Grand Prix 2019” yarışı üçün hazırlanmış İnternet saytının da təqdimatı keçirilib. Komitənin İctimaiyyətlə Əlaqələr və Marketinq şöbəsinin müdiri Teymur Hacıyev bildirib ki, sayt paralimpiya komitəsinin rəsmi saytının alt domenində (BakuGP.paralympic.az) yaradılıb. Yarışda iştirak edəcək idmançılar haqqında məlumatlar, yarışın gedişi ilə bağlı xəbərlər, o cümlədən video və foto materiallar həmin saytda dərc olunacaq. Sayt vasitəsi ilə, yarışların canlı yayımına da baxmaq mümkün olacaq.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA)İdman jurnalistikası magistr proqramının direktoru Daniel Meyson da “IBSA Judo Baku Grand Prix 2019” yarışının saytı haqqında danışıb. Onun sözlərinə görə, saytın kontenti ADBTİA-nın idman jurnalistikası magistr proqramının tələbələri tərəfindən yenilənəcək. Yarış müddətində tələbələr arenada olacaqlar və mütəmadi xəbərləri sayta yerləşdirəcəklər.