Ermənistan rəhbərliyinin əsas məqsədi Qarabağ separatçılarını əla alıb, Köçəryanın nəzarətindən çıxarmaqdır.

Bu sözləri Sosialxəbər.az Axar.az-a istinadən açıqlamasında politoloq Elçin Mirzəbəyli Xankəndidə Qarabağ separatçılarının lideri Bako Saakyanla Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın arasında olan 3 saatlıq görüşü şərh edərkən deyib. O bildirib ki, bu görüşün məhz XİN səviyyəsində olması məqsədyönlü şəkildə təşkil olunub:

“Ermənistan mətbuatında Paşinyanın Dağlıq Qarabağdakı separatçı rejimin başına başqa bir şəxsi gətirmək niyyətində olduğu yazılır. Görünür, bu məsələ Qarabağda olan separatçılarda narahatlıq yaradıb. Düşünürəm ki, Ermənistanın Xarici İşlər Naziri Zöhrab Mnatsakanyanın işğal altında olan Azərbaycan torpaqlarına səfəri də məhz bununla bağlıdır“.

Politoloq Mnatsakanyanın “Qarabağı həll prosesinə cəlb etmək və bu hökumətin sahiblik duyğusunu gücləndirmək” niyyətinə də münasibət bildirib:

“Əslində Ermənistan tərəfinin bu iddianı ortaya qoyması çıxılmaz vəziyyətdə olduğunu göstərir. Çünki Paşinyandan əvvəl də separatçı rejimi danışıqlara cəlb etmək istəyənlər olmuşdu. Bu isə danışıqların formatına uyğun olmadığı üçün heç bir nəticə vermədi. Lakin indi XİN-nin bu ifadələri səsləndirməsinin başqa səbəbləri var. Məncə, Paşinyan Qarabağ separatçılarını ələ alıb, onları Köçəryanın nəzarətindən çıxarmaq istəyir. Buna görə də o, indi separatçılara belə mənasız vədlər verir. Hər halda görünən odur ki, Qarabağ ermənilər üçün iddia etdikləri vətənpərvərlik amili deyil, sadəcə, siyasi hakimiyyət faktorudur”.

Qeyd edək ki, Xankəndidə Qarabağ separatçılarının lideri Bako Saakyanla Zöhrab Mnatsakanyan arasında 3 saatlıq görüş keçirilib.