Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi bu çağırışdan yola çıxaraq ilk tədbirini reallaşdırır.

Sosialxəbər.az xəbər verir ki, Azərbaycanda özəl şirkətlərin korporativ sosial məsuliyyət sahəsində fəaliyyətini stimullaşdırmaq məqsədi ilə tədbirlərə başlanılıb. Bu istiqamətdə ilk tədbir noyabr ayının 13-də baş tutacaq “Yenilməzlər”dir.

“Yenilməzlər” beynəlxalq qala təqdimatında paralimpiyaçıların həyat hekayələri bədii çalarlarla səhnələşdiriləcək. İlham Zəkiyev, Oleqa Kretsul, Muniba Mazari, Sir Filip Kreven kimi dünyada məşhur olan əlilliyi olan şəxslər bu tədbirin səhnəsində yer alacaqlar.

Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov deyir ki, Azərbaycanda paralimpiya hərəkatının inkişafı sahəsində böyük dövlət qayğısı vardır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin özünü paralimpiyaçıların dostu adlandırması bu qayğının bariz nümunəsidir. Hər il dövlətin dəstəyi ilə paralimpiyaçılarımız müxtəlif beynəlxalq yarışlarda iştirak edir və böyük nailiyyətlər əldə edirlər.

“Azərbaycanın iqtisadi inkişafı hazırda elə bir mərhələyə qədər qoyub ki, indi ölkədə fəaliyyət göstərən şirkətlər tək biznesin inkişafı sahəsində deyil, eyni zamanda sosial problemlərin həlli istiqamətində də mühüm tədbirlər həyata keçirirlər. Hər bir biznes qurumu ölkəmizdə sosial məsuliyyət də daşımaqdadır. Cənab Prezident İlham Əliyev də bu günlərdə şirkətlərin sosial məsuliyyət daşıması ilə bağlı çağırış etdi. Biz də cənab prezidentin bu çağırışından ruhlanaraq bu tədbiri keçirməyi qərara aldıq”, – deyə o əlavə edib.

MPK prezidenti İlqar Rəhimov qeyd edib ki, Korporativ Sosial Məsuliyyət (KSM) iş adamlarının cəmiyyət qarşında daşıdığı məsuliyyətdir. KSM dəyərləri sayəsində cəmiyyətdə olan bir sıra problemlər öz həllini tapmaqdadır. Milli Paralimpiya Komitəsi şirkətlərin sosial məsuliyyət strategiyasının reallaşması istiqamətində mühüm töhfələr verə bilər. Çünki paralimpiya idmanla yanaşı əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya olunması istiqamətində mühüm hərəkatdır. Bu hərəkatın yanında olmaqla biznes qurumları öz sosial sərmayələrini doğru istiqamətə yönəltməklə, cəmiyyətdə mühüm inkişafa səbəb ola bilərlər.

“Əgər siz bu cəmiyyətdə müsbətə doğru dəyişiklik etmək istəyirsinizsə, Milli Paralimpiya Komitəsi olaraq biz sizin yanınızdayıq”! – deyə o bildirib.

MPK prezidentinin sözlərinə görə, bu tədbir tək Bakı ilə yekunlaşmayacaq. Gələcəkdə regionlarda yerləşən Heydər Əliyev Mərkəzləri və Gənclər Mərkəzlərində də analoji tədbirlər keçiriləcək.

Qeyd edək ki, bu tədbir BP və Toyota şirkətlərinin dəstəyi ilə həyata keçirilir. Qeyd olunan şirkətlər korporativ sosial məsuliyyət strategiyaları çərçivəsində bu tədbirin reallaşdırılmasına dəstək göstərirlər.