Qədr gecəsi Ramazan ayının 19-cu, 21-ci və ya 23-cü gecələrindən birinə təsadüf edir. Yəni insanlar mayın 24-ü (25-nə keçən gecə), 26-sı və 28-i axşam saatlarından etibarən ibadət edə, səhərə qədər oyaq qala bilərlər.

Sosialxəbər.az bidlirir ki, Bu sözləri Kult.az-a açıqlamasında tanınmış ilahiyyatçı, Məşədi Dadaş məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli deyib. O bildirib ki, bəzi hədislərimizdə Ramazan ayının 27-ci gününün Qədr gecəsi olduğu da qeyd olunur:

“Qədr gecəsi “Qurani-Kərim”in nazil olduğu gecədir. Ümumiyyətlə, Qədr gecəsi bir gecədir, amma hansı gecəyə təsadüf etməsi dəqiq məlum deyil. Buna görə də müsəlmanlar üç gecə oyaq qalır.

Əsasən bu gündən başalayaraq Ramazan ayının son ongünlüyündə Qədr gecəsi olma ehtimalı var”.

İlahiyyatçı Qədr gecəsində ediləcək dualardan və bu gecənin fəzilətlərindən də danışıb:

“Qədr gecəsi haqqında Qurani-Kərimdə “Qədr” surəsi var. Həmin surədə yazılır ki, biz Quranı Qədr gecəsində nazil etdik. Bu gecə min aydan daha xeyirli, daha fəzilətlidir. Bir insan ömrü təqribən 80 il hesablanırsa, min ay da bu müddəti əhatə edir. Yəni Qədr gecəsi bir ömürdən daha faydalı olan bir gecədir. Həmin gecəni səhərə qədər oyaq qalmaq, ibadət etmək tövsiyə olunur. Ümumiyyətlə, bu, vacib bir hökm deyil. Kimsə bu gecədə yuxuya gedərsə, günaha batmış olmur. Hər halda ən fəzilətli gecəni yuxuda keçirmək yaxşı deyil.

Bu gecəyə məxsus olan ibadətlər, dualar var ki, onlar dua kitablarında qeyd olunub. İnsanlar bu müqəddəs gecədə öz səhvlərini, xətalarını etiraf etməli, keçmişini təftiş edərək özünə hesabat verməli və bağışlanmasını diləməlidir. Qədr gecəsində səhərə qədər ibadətlə məşğul olub əfv diləyənlər heç şübhəsiz ki, bağışlanmış olacaqlar. Qədr gecəsində insanların səhvlərini düzəltməklə həyata yenidən başlamaq şansı var”.

Hacı Şahin ötən gecəni (mayın 23-dən 24-nə keçə gecə) Qədr gecəsi bilərək keçirənlərin heç nə itirmədiyini deyib:

“Səhərə qədər ibadət ediblərsə, Qədr gecəsi deyil deyə, buna təəssüflənmək yox, sevinmək lazımdır. Daha bir gecəni ibadətlə keçiriblər və savab qazanıblar da…”