Sosialxəbər.az bildirir ki, Avtomobil yollarında qəzaların, qanun pozuntularının qarşısının alınması üçün DİN bir qədər əvvəl yeni üsulun tətbiqinə başlayıb. Praktikadan aydın olduğu kimi, sürücülər yol kənarında dayanan YPX avtomobilinin maketini uzaqdan gördükləri anda sürəti aşağı salırlar. Hətta sürət həddi 60 km/saat olduğu yerlərdə belə “polis avtomobili”nin yanından daha aşağı sürətlə keçən sürücülər də az deyil.

Əslində, tətbiq olunan yeni üsul müsbət nəticə əldə olunmasına xidmət edir. Lakin bu maketi görüncə təşvişə düşən sürücülərin hərdən qəfil tormozlama, hərdən də dərhal zolağı dəyişməsi başqa problemlərə səbəb ola bilər. Bu məsələ ilə bağlı insanlar arasında fərqli fikirlər mövcuddur. Bəziləri dəstəklədiklərini desələr də, bir qrup insan yeni tətbiqin effekt verməyəcəyini düşünür. Məncə, quraşdırılan YPX avtomobili maketləri sürücülərdə məsuliyyət hissini artıracaq və qaydalara əməl etməyə zəmin yaradacaq. Çünki bir çox sürücülər istər yol patrul əməkdaşı, istərsə də texniki vasitələrlə nəzarət olunmayan yerlərdə digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atmaq bahasına olsa belə, qaydaları pozmağa meyllidirlər. Bu xüsusiyyət həm də insanın xarakterindən və onun sosiallaşma səviyyəsindən xəbər verir.

Yol hərəkətinin bütün iştirakçıları öz vəzifə borclarını düzgün icra etsələr, polisin də işi yüngülləşmiş olar və əlavə vasitələrin tətbiqinə ehtiyac qalmaz. Bu məsələyə hansı tərəfdən baxırıqsa baxaq, bütün hallarda bunu tələb edən bizik. DİN-in işi isə vətəndaşları düzgün yola dəvət etmək, tələbləri pozanları isə cərimələməkdir. Avtomobil idarə etmək əslində bir mədəniyyətdir. Vətəndaşın nəqliyyat vasitəsini idarə etməsindən onun insani keyfiyyətləri bəlli olur. Hərdən yüksək mahnı səsi ilə sağdan-soldan ötmə əməliyyatı apararaq, yerli-yersiz siqnal verməklə rahatlığımızı pozan sürücülərə rast gəlirik. Bu tip insanları qayda-qanuna əməl etmələri üçün hər cür texnoloji dəyişikliklər zəruridir. İstənilən halda məsuliyyətdən yayınma halları az da olsa baş verəcək. Eyni zamanda, qəzalar da azalacaq.

Ümid edək ki, sürücülər qorxudan yox, yolda hərəkətin məsuliyyətini dərk edərək qanunlara əməl etsinlər. YPX-nin tətbiqləri sadəcə olaraq baş verəcək hadisənin qarşısının alınmasına xidmət edir. Hadisəni törətmək və onun nəticələrinə görə məsuliyyət daşımaq isə vətəndaşın işidir. Qanunu qoruyan və ona əməl edənlər arasında qarşılıqlı anlaşma şəklində idarə olunan nəqliyyatın hərəkəti inanıram ki, yeniliklərin tətbiqi ilə daha da asanlaşacaq