Cəlilabad rayonu Heydər Əliyev Mərkəzində “Qadın sahibkarlığının inkişaf etdirilməsi yolu ilə iqtisadi inkluzivliyin və ailə institutunun maliyyə dayanıqlılığının artırılması istiqamətində tədbirlərin təşkili” mövzusunda növbəti tədbir keçirilib.

Sosialxəbər.az xəbər verir ki,tədbir “Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə” İctimai Birliyi tərəfindən həyata keçirilən “Qadın sahibkarlığının inkişaf etdirilməsi yolu ilə iqtisadi inkluzivliyin və ailə institutunun maliyyə dayanıqlılığının artırılması istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində baş tutub.
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Elnarə Məhərrəmova həyata keçirilən layihə haqqında tədbir iştirakçılarına məlumat verib.
Layihənin ekperti Rəşad Həsənov layihə barədə geniş məlumat verərək, bildirib ki, sadəcə bazar iqtisadiyyatı artıq inkluzivliyi sevir. Inkluziv olmayan iqtisadiyyatlar, hansı ki, iqtisadiyyatın və yaxud ölkənin bütün subyeklərinin iştirak etmədiyi iqtisadiyyatlarda inkişafı əldə edilməsi mümkün olmur və ya sosial rifahı müqayisə olunacaq səviyyəyə artırmaq olmur. Çünkü təsəvvür edin ailədə bir nəfər qazanıb gətirirsə, gündəlik təlabatların çeşidlərini sürətlə dəyişirsə, artaraq çoxalırsa, bunun qarşılığında bir nəfərin gəliri kifayət etmir və yaxud bir nəfərin işinin orta ölçüləri var. İl ərzində Azərbaycan iqtisadiyyatında bir nəfər çalışırsa təxminən 7000 manat həcmində və ya 3500 dollar ətrafında ümumi daxili məhsul yaradır. Ümumi daxili məhsul nədir? İqtisadiyyatın yaratdığı əlavə dəyərdir ki, sonradan bu bölünərək bizim ailələrə paylanır və hər bir fərdə düşən paydır. Ailədə iki nəfər işlərsə bu göstərici iki dəfə artacaqdır.

Cəlilabad rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Həsənova öz çıxışında qeyd etdi ki, bu sahədə qadınları dəstəkləyirəm və qadınların sahibkar kimi formalaşmasında, ümumiyyətlə xanımların hər bir sahədə aktivliyinə çalışıram. Bu vəzifəyə yeni təyin olunmağıma baxmayaraq çalışacam ki, rayonumuz üçün bunu edək. Bildiyiniz kimi rayonda mövsümi işlə əlaqədar qadınları bir araya toplamaq biraz çətinliklər yaradır. Mövsümi işlər bitdikdən sonra çalışacam qadınları bir araya toplayıb onlarla söhbətlər edim və onlar arasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən qadınları aidiyyatı qurumlara yönləndirək və onlarla maarifləndirici söhbətlər aparaq.

Məşğulluq Mərkəzinin rəhbəri Elşən Əliyev öz çıxışında tədbirdə iştirak edən qonaqları salamlayaraq, onlara özünəməşğulluq proqramı barədə geniş məlumat verdi. Mərkəzə rəhbər vəzifəsinə yeni təyin edilməsinə baxmayaraq, artıq çox sayda özünəməşğulluq proqramına müraciət edənlərin olduğunu qeyd etdi. Sonda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən qadınları qeydiyyatdan keçməyi dəvət etdi.
Tədbirdə iştirak edən digər qonaqlar da layihə haqqında öz fikirlərini bildirdilər və qeyd etdilər ki, rayonda sahibkar qadın çox azdır. Qadınlar arasında sahibkarlıq fəaliyyətini artırmaq üçün İcra Hakimiyyəti və Məşğulluq Mərkəzindən bu sahədə yardım etmələrini xahiş etdilər.
Sonda Layihənin rəhbəri Elnarə Məhərrəmova layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və tədbir iştirakşılarına öz təşəkkürünü bildirdi.