Əsas Səhifə Siyasət Qarabağ caniləri bir araya gəlir

Qarabağ caniləri bir araya gəlir

12 dəqiqə oxundu
0
0
29

Ermənistan cəmiyyəti kimi seçəcək?

Seyran Ohanyan-Robert Köçəryanın bir araya gəlməsi sonda Serj Sərkisyanın işinə yaraya bilər; politoloq: “Qarabağ klanı” özündən başqa kimsənin siyasi arenada güclü mövqedə olmasını istəmir”

Bu ilin yayında prezident Sərksiyanla münasibətləri kəskinləşəndən sonra Ermənistanın müdafiə naziri postundan uzaqlaşdırılan Xocalı qatili Seyran Ohanyan indi də siyasi proseslərə qatılmağa qərar verib.

S.Ohanyanın siyasi həyatdakı iştirakı prosesi tamamilə eks-prezident Robert Köçəryanın nəzarətində olacaq. Modern.az bununla bağlı Ermənistan mediasına istinadən xəbərində yazıb. “Ohanyana Köçəryanın tərəfdarları olan bütün siyasi qüvvələrin özəyini toplamaq vəzifəsi həvalə olunub. Burada hətta Vardan Oskanyan, yaxud Demokrat Partiyasından Aram Sərkisyan da təmsil olunacaq”, – erməni mediası bildirir.

Digər məlumata görə, yaxın müddətdə hakim Respublikaçılar Partiyasını tərk edib bu hərəkata qoşulanların olacağı istisna deyil. “Bizim məlumatımıza görə, Vardan Oskanyan Robert Köçəryanı bu hərəkata Viktor Dallakyanın da qoşulmasının vacib olduğuna inandıra bilib. Belə görünür ki, Seyran Ohanyan artıq mövcud olan siyasi qüvvələrə qoşulmayacaq”, – yazıda vurğulanıb.

Görünən budur ki, işğalçı ölkədəki parlament seçkiləri ərəfəsində Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanla eks-prezident Robert Köçəryan güclərini birləşdirirlər. Belə çıxır ki, parlament seçkilərində hərbi canilərdən ibarət olan “Qarabağ klanı” təkcə Sərkisyanın rəhbərlik etdiyi hakim partiyaya qarşı deyil, sülh mövqeyi ilə çıxış edən Ter-Petrosyana qarşı da mübarizə aparmalı olacaq. Bəs, Ermənistan cəmiyyəti onların hansını seçəcək, Ermənistanı ağır durumdan çıxartmaq istəyən Ter-Petrosyanı, yoxsa savaş ritorikalı “Qarabağ klanı”nımı? Canilərin koalisiyası nələr vəd edir?

Politoloq Elçin Mirzəbəyli işğalçı ölkədəki prosesləri “Yeni Müsavat”a şərh edərkən bildirdi ki, olduqca mürəkkəb bir vəziyyət yaranıb və proseslərin necə inkişaf edəcəyini tam dəqiqliyi ilə proqnozlaşdırmaq mümkün deyil: “Amma Ermənistanda keçiriləcək seçkilərlə bağlı bir vacib məqamı nəzərdən qaçırmamaq lazımdır: bu da Rusiya faktorudur. Robert Köçəryan da, Ohanyan da, Ter-Petrosyan da Ermənistanın indiki hakimiyyəti kimi Moskvanın iradəsindən kənar bir addım belə atmaq iqtidarında deyillər. Köçəryan-Ohanyan birliyi də, Ter-Petrosyan da Kreml texnoloqlarının situasiyaya uyğun ortaya çıxara biləcəyi oyunçulardır. Ter-Petrosyanın Erməni Milli Konqresinin qurultayında səsləndirdiyi fikirlər təsadüfən ortaya çıxmamışdı. Onun çıxışındakı ən önəmli məqam hazırda danışıqlar prosesində ortada olan sənədlə bağlıdır. Ter-Petrosyan çıxışında dolayısı ilə Kazan prinsiplərini dəstəklədiyini bəyan edib. Bu prosesdə aparıcı mövqe isə Rusiyaya məxsusdur. Əslində Petrosyan münaqişənin həllində Rusiyanın həlledici rola sahib olduğunu da açıq şəkildə vurğulayıb. Bu isə o anlama gəlir ki, Erməni Milli Konqresinin sədri və onun rəhbərlik etdiyi qurum növbəti seçkilərdə ”sülh tərəfdarı” roluna layiq görülüb”.

E.Mirzəbəyli hesab edir ki, bu proseslərdə davakar rolunu oynamaq Köçəryan-Ohanyan birliyinə həvalə olunub: “Seçkilərə qədər yeni oyunçuların da ortaya çıxması mümkündür və onlara da çox güman ki, müəyyən rollar həvalə olunacaq. Moskva istənilən vəziyyətə uyğun öz alternativlərini yaradır və yaradacaq. Onlardan hər hansı birinin önə çıxması isə regionda və dünyada baş verən proseslərdən, Rusiyanın maraqlarından və bu maraqların necə təmin olunub-olunmayacağından asılıdır. Bütün hallarda Ermənistan cəmiyyəti seçməyəcək”.

“Qarabağ klanı”nın Levon Ter-Petrosyanla ittifaqı problematikdir”. Bunu isə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi. Ekspertin sözlərinə görə, ümumiyyətlə, bundan sonra Ermənistanda həm hakimiyyətdə, həm də müxalifətdə iki istiqamət öz sözünü deyəcək: “Birinci istiqamətə Dağlıq Qarabağda anadan olanlar və separatçılığın başında dayanan siyasətçilər və hərbçilər rəhbərlik edəcəklər, ikinci istiqamət isə Ermənistanda doğulan və Qarabağ probleminin həllinə bir qədər fərqli baxış nümayiş etdirən siyasətçilərdən formalaşacaq. İndinin özündə Ermənistan hakimiyyəti ”Qarabağ klanı”nın nəzarətindədir. Ancaq müxalifətdə də fərqli durum deyil. Əgər keçmiş prezident Robert Köçəryan keçmiş müdafiə naziri Seyran Ohanyanla birgə müxalif blok formalaşdıracaqlarsa, prezident Serj Sərkisyana real müxalifət elə onlar olacaq. Levon Ter-Petrosyan son çıxışında Dağlıq Qarabağ münaqişəsinin “mərhələli həll” planına üstünlük verdiyini bir daha bəyan etdi. O zaman bu mövqeyinə onu iqtidardan elə bugünkü hakimiyyət və müxalifət liderliyinə iddialı olan şəxslər yıxdılar”.

E.Şahinoğlu bildirdi ki, “Qarabağ klanı” Ermənistan əsilli siyasətçilərə və partiyalara inanmır: “Bu klan düşünür ki, hakimiyyət Ermənistan doğumlu siyasətçilərin nəzarətinə keçən kimi onlar Levon Ter-Petrosyan kimi hərəkət etmək istəyəcək və münaqişənin mərhələli həll yolu vasitəsilə həm Azərbaycan, həm də Türkiyə ilə barışmağa çalışacaqlar. Ona görə də “Qarabağ klanı” özlündən başqa kimsənin siyasi arenada güclü mövqedə olmasını istəmir. Buna görə də Ermənistan bu klanın caynağından qurtulmayana qədər nə inkişaf edəcək, nə də təhlükəsizlik problemlərini həll edəcək”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin Siyasət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…