“Regional inkişaf üzrə maarifləndirmə” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiya edilməsi istiqamətində tədbirlərin təşkili” layihəsinin may ayından icrasına başlamışdır və bununla əlaqədar mütəxəssislərin, valideynlərin və digər maraqlı tərəflərin iştirakı ilə məlumatlandırma sessiyası keçirilmişdir.

Bu barədə Sosialxəbər.az-a təşkilatın icraçı direktoru Rövşən Novruzov həyata keçiriləcək layihə barədə iştirakçılara geniş məlumat vermişdir.
Layihənin əsas məqsədi – Xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələrin cəmiyyətə inteqrasiya olunmasına dəstək verməkdir.

Layihə dövründə 25 nəfər xüsusi qayğıya ehtiyacı olan uşaq üçün intensiv reabilitasiya məşğələləri və onların valideynləri üçün psixoloji və sosial-hüquqi reabilitasiya xidməti təşkil olunacaqdır.
Həyata keçiriləcək reabilitasiya məşğələləri nəticəsində reabilitasiyaya cəlb olunan uşaqlarda bir sıra müsbət dəyişikliklərin olması gözlənilir. Belə ki, onların davranış vərdişləri və bacarıqlarında olan inkişaf hiss ediləcək, qrup və ətrafdakı olan insanlara uyğunlaşmaq prosesi artacaq, ictimai qaydalara riayət etmək bacarığı və vərdişləri yaranacaqdır.

Ən əsası isə uşaq və yeniyetmələrdə yaradıcılığa təşəbbüs meylləri güclənəcək və onlarda əmək yönümlü peşələrə maraq artacaqdır.
Məlumatlandırma sessiyasında iştirak edən valideynlər uşaqlarında baş verən müsbət dəyişikləri qeyd etməklə bərabər, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və eyni zamanda Reabilitasiya Mərkəzinin mütəxəssislərinə öz təşəkkürlərini bildirdilər.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən qeyd olunan layihənin dəstəklənməsi Kəlbəcər rayonundan olan məcburi köçkün ailələrin uşaqlarına davamlı reabilitasiya xidmətlərinin göstərilməsi və Gəncə Reabilitasiya Mərkəzinin davamlı fəaliiyət göstərməsində mühüm əhəmiyyət kəsb edəcəkdir.