“İnkişafa Doğru Qadın Təşəbbüsü” İB-nın sədri Ziba Nəbiyeva Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Baş İdarəsində tərbiyə işinin təşkili idarəsinin rəisi ədliyyə polkovniki Ağəli Xəlilov və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi ədliyyə polkovniki Mehman Sadıqovla görüşüb.

Görüşün məqsədi haqqında təşkilatın sədri Sosialxeber.az saytına məlumat verib:

Ziba Nəbiyeva qeyd edib ki, “2019-cu il 1 may tarixindən “İnkişafa Doğru Qadın Təşəbbüsü” İB Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə “Əhali arasında viruslu hepatitlər mövzusunda ictimai maarifləndirmə tədbirlərinin keçirilməsi” adlı yeni layihəyə start verib.

4 aylıq layihə çərçivəsində görüləcək işlər sırasında ümumi rejimli cəzaçəkmə müəssisələrində və yeniyetmələr üçün tərbiyə müəssisəsində maarifləndirmə tədbirlərinin keçirilməsi planlaşdırılır və bununla bağlı artıq müvafiq dövlət idarələrindən – Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi və Penitensiar Xidmətdən rəsmi icazələr alınıb.

Penitensiar Xidmətin Baş İdarəsində işgüzar şəraitdə keçən görüşlərdə layihə çərçivəsində iyun və iyul aylarında cəzaçəkmə müəssisələrində “Viruslu hepatitlər və onlardan qorunma yolları” mövzusunda keçirilməsi nəzərdə tutulan maarifləndirmə tədbirlərinin təşkili, məlumatların yayımı və texniki təchizat məsələləri ilə yanaşı, gələcəkdə tərəflər arasında əməkdaşlıq perspektivləri də müzakirə olunub.

Göstərdikləri dəstəyə görə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəhbərliyinə dərin minnətdarlığımızı bildiririk”.